Cümə axşamı Rusiyaya dövlət səfəri edən Türkiyə prezidenti Abdulla Gül hesab edir ki, Türkiyə tərəfindən təklif olunan "Qafqazda stabillik və əməkdaşlıq platforması" "bütün maraqlı tərəflər arasında dialoq üçün zəruri regional meydança olacaq". Bu gün başlayan səfər fevralın 15-dək davam edəcək. Bu barədə İTAR-TASS xəbər verir.
"Biz bu təşəbbüsü çox vacib hesab edirik, çünki digər regionlarda olduğu kimi, Qafqazda da təhlükəsizlik və stabillik olmadan nə sülh, nə də sabit inkişaf ola bilər", - deyə "Vesti" informasiya telekanalına müsahibəsində Gül bildirib. "Planetin bu hissəsində "dondurulmuş" adlandırılan münaqişlər çoxdur, lakin onları əsrlər boyu "dondurucuda konservləşdirmək" düzgün olmazdı. Biz hamımız şahidik ki, belə münaqişələr, bu yaxınlarda Cənubi Osetiyada olduğu kimi, adətən qəfil alovlana bilər", - deyə prezident qeyd edib.
"Biz hesab edirik ki, tərəfimizdən təklif olunan platforma bütün maraqlı tərəflər arasında dialoq üçün son dərəcə zəruri regional meydança olacaq. Bu ideyanı müzakirə etdiyimiz bütün tərəfdaşların, ilk öncə Rusiyanın onu olduqca isti qəbul etməsi bizdə nikbin hissələri artırır", - deyə Türkiyə prezidenti bildirib.
"Tərəfimizdən təklif olunan stabillik və əməkdaşlıq platforması iki mühüm görüşdə - ötən ilin dekabrında və cari ilin yanvarında Qafqaz regionu ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində detallı şəkildə işlənib. Ümid edirəm ki, onların işi olduqca tez bir vaxtda konkret şəkildə öz bəhrəsini verəcək və mövcud rəsmi sənədlərdə öz əksini tapacaq", - deyə Gül qeyd edib.