...

Yaxın iki ayda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək - həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2009 22:19 (UTC +04:00)
Yaxın iki ayda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək - həmsədr

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Rüstəmov / Yaxın iki ay ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək. Belə bir bəyanatla bu gün Bakıdakı mətbuat konfransında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov çıxış edib. Diplomatın sözlərinə görə, hər iki tərəf bu ideyanı dəstəkləyib.
"Bölgəyə səfərimizin məqsədi prezidentlərin növbəti görüşünün təşkili idi və prinsip etibarilə bu məqsədə çatdıq", - deyən Merzlyakov həmsədrlərin adından hər iki prezidentin müvafiq ideyanı dəstəklədiyi üçün məmnunluğunu ifadə edib.
Bununla belə Merzlyakov görüşün harada və nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.
Azərbaycan  prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiki qəbul edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan rəhbərliyi ilə danışıqların davam etdirilməsi üçün Bakıya bu gün günorta gəliblər. Bundan öncə onlar Xankəndi və Yerevanda olublar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti