...

Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri milli maraqlara zidd deyil – Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2009 14:51 (UTC +04:00)
Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri milli maraqlara zidd deyil – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərlərinin milli maraqlara zidd olmadığını deyib.

"Xalq diplomatiyası" cəmiyyətləri birgə yaşayışa hazırlayır", - Trend -un məlumatına görə, bunu şənbə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına Azərbaycan Prezidenti Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın görüşü keçirilib.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Azərbaycan nümayəndə heyəti daha sonra Ermənistana gedib və orada Prezident Serj Sarkisyanla da görüşüb.

Günün sonunda Azərbaycan və Ermənistan nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

28 iyun 2007-ci ildə iki ölkənin RF-dəki səfirlərinin təşəbbüsü ilə erməni və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutub.

Məmmədovun sözlərinə görə, Azərbaycan və erməni xalqları birgə yaşayıblar və bundan sonra da yaşayacaqlar.

"Münaqişə həll edildikdən sonra xalqların birgə yaşayışı vacib məsələdir və cəmiyyət buna hazır olmalıdır. Bu baxımdan, hər iki xalqın ziyalılarının qarşılıqlı səfərləri əhəmiyyətlidir", - şöbə müdiri əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti