ABŞ, Vaşinqton, 14 oktyabr / Trend , müxbir N.Boqdanova/
ABŞ-ın türk diasporu erməni diasporunun daxili problemlərinin həllinə müdaxilə etməkdən imtina edib, bu barədə Trend -a Türkiyə-Ermənistan Assambleyasının başçısı Günay Evinç bildirib.
Onun sözlərinə əsasən, ABŞ-da yaşayan və Türkiyə-Ermənistan protokollarının imzalanmasını dəstəkləyən ermənilərin bir hissəsi Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılmasına qarşı çıxan Amerika ermənilərindən müdafiə olunmaq məqsədilə türk diasporundan kömək istəyib.
Lakin türk diasporu bu xahişi cavabsız qoyub, belə ki, ABŞ-ın erməni icmasının daxilindəki ixtilaflara müdaxilə etmək istəmir.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara-Yerevan protokolları imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
Ötən həftə Ermənistan Prezidenti Serj Sarkisyanın ABŞ, Avropa, Argentina və Livana səfərləri zamanı Türkiyə ilə müqavilənin imzalanmasına qarşı çıxan xarici erməni icmalarının nümayəndələri prezidenti etiraz aksiyaları və mitinqlər ilə qarşılayıblar.
Nümayişlərlərdə "Satqın!", "Protkollara yox!" şüarları səsləndirilib.
Ermənistanın daxilində olan bəzi müxalifət partiyaları da Ermənistanın bu siyasətinə qarşı çıxır. Ermənistanda da protokolların imzalanmasına qarşı etiraz aksiyaları keçirilib.
"Erməni diasporundan fərqli olaraq türk diasporu siyasi proseslərin təsiri altında deyil", - Evinç bildirib. Onun sözlərinə əsasən, protokolların imzalanması Azərbaycan və türk diasporlarının birliyinə də təsir etmir.
Evinçin qeyd etdiyi kimi, ABŞ-da türk və Azərbaycan diasporlarının nüfuzu daha da artır. "Kaliforniya və Ohayodakı türk diasporu səlahiyyətindən istifadə edərək ermənilərin Osmanlı imperiyası dövründəki hadisələrə aid yalan ittihamlarının qarşısını ala bildi", - o əlavə edib.
Evinçin sözlərinə əsasən, ABŞ-ın bir sıra konqresmenlərinin erməni "soyqırım"ı haqqında qanun layihəsinə dəstəyi də azalıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]