...

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda müsbət dinamika müşahidə edilir - Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2009 22:20 (UTC +04:00)
Bir sıra KİV-lərin Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsi
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda müsbət dinamika müşahidə edilir - Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir S.Ağayeva/

Bir sıra KİV-lərin Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsi

- Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşünü və Afina danışıqlarını necə qiymətləndirirsiniz?

Münhen görüşü bu il Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardıqları danışıqların altıncısı idi. Bu rəqəmin özü danışıqlar prosesinin həddindən artıq intensivləşməsinin göstəricisidir.

Ümumiyyətlə, 2009-cu ilin əvvəllərindən Azərbaycan Prezidenti münaqişənin həlli istiqamətində çox konkret, prinsipial mövqe ortaya qoydu və dünya birliyinin, xüsusilə də dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların, başda ABŞ, RF, Fransa və digər dövlətlər olmaqla, diqqətini münaqişənin həllinin vacibliyinə, aktuallığına və vaxtının gəlib çatdığına yönəldə bildi. Bu çox mühüm proses idi.

Regionda müəyyən proseslər getdi və ilin əvvəlindən Prezident bununla bağlı çox konkret mövqe ortaya qoydu və münaqişənin həllinin vacibliyini, məqamının gəlib çatdığını, aktuallığını və region üçün bunun çox böyük əhəmiyyəti olmasını Azərbaycan Prezidenti əlaqə və görüşlərində də göstərdi. İlin əvvəlində Azərbaycan Prezidentinin ABŞ-ın Prezidenti, dövlət katibi və digər məmurlarla telefon danışıqlarında, onlarla müxtəlif görüşlərdə, RF rəhbərləri ilə görüşlərdə, Fransa rəhbərləri ilə müəyyən yazışmalarında, məsələ bir daha qaldırıldı, yəni ikinci bir mərhələ kimi məsələnin vacibliyi ortalığa çıxırdı və elə bunun da nəticəsi o oldu ki, görüşlər intensivləşdi, eyni zamanda, qeyd etmək lazımdır, Ermənistan-Türkliyə sərhədlərinin açılması prosesi də müəyyən mənada bu məsələnin həlli ilə bağlı xüsusi katalizatora çevrildi, özü də müsbət mənada. Madam ki, dünya birliyi, böyük dövlətlər Cənubi Qafqaza belə diqqət yetirirlər, burada sabitliyin, təhlükəsizliyin bərpa edilməsinə səy göstərirlər, onda ən birinci məsələ elə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Birinci yedə bu məsələ durur. Sonra hansı məsələni onlar istəyirlərsə, ikinci və üçüncü sırada həll etsinlər. Azərbaycan Prezidenti bu müddət ərzində, xüsusən son vaxtlar münaqişənin həlli ilə bağlı, yəni danışıqların xarakteri ilə bağlı güclü bəyanatlar verdi. Düşünürəm ki, bunların hamısı bu prosesə öz təsirini göstərdi. Bəzi bəyanatlar Ermənistan rəhbərlərini həyəcana, təşvişə saldı, digər tərəfdən, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin diqqətini buna cəlb etdi. Bu nöqteyi-nəzərdən Münhen görüşü və ATƏT-ə üzv olan ölkələrin XİNŞ-nin sammitində ümumi bir şərh verildi bu görüşlərə. Şərhin də, qısa formada deyə bilsəm, mənası bundan ibarət idi ki, danışıqlarda pozitiv dinamika müşahidə olunmaqdadır. Bundan başqa, digər bəyanatlar da oldu. Fransanın xarici işlər naziri Bernar Kuşner dedi ki, indi elə bir vəziyyət yaranıb ki, münaqişənin bir neçə ay ərzində həlli üçün çərçivə sazişi imzalana bilər. Mən düşünürəm ki, o belə bir bəyanatı verəndə bütün prosesləri hərtərəfli təhlil edib və öz mövqeyini öz nöqteyi-nəzərindən əsaslandırıb.

Ermənistan rəhbərlərinin riyakar, məkrli mövqeyini daim müşahidə etdiyim üçün, bunu 10-15 il ərzində gedən danışıqlarda gördüyüm üçün, mövüelərində ardıcıl, prinsipial olmadıqlarını müşahidə etdiyim üçün, bir gün bir görüşdə müəyyən mövqeni qəbul edib sonrakı görüşdə ondan çəkindiklərinə bələd olduğum üçün bu cür bəyanatlara bir qədər ehtiyatla yanaşıram. Azərbaycan Prezidenti bu münaqişənin həlli ilə bağlı bütün səylərini ortaya qoydu, bütün addımları atdı. Bu həmişə olub, indi də davam edir. Amma Ermənistan tərəfi ilə bir il ərzində aparılan danışıqlar prosesinin son məqamı kimi mühüm əhəmiyyət daşıyan iki faktoru qeyd etmək istəyirəm. Birincisi, bu proseslərdə əsas diqqəti cəlb edən fakt odur ki, artıq məsələ ilə bağlı Obamanın, Klintonun, Medvedyevin, Lavrovun, Sarkozinin, Kuşnerin, eləcə də Fransa Prezidenti Sarkozinin də bəyanatları olub. İkincisi, bu proseslərin fonunda Ermənistan rəhbərləri hər halda bir daha dərk etdilər ki, bu münaqişə gec- tez həll olunmalıdır və bu münaqişənin həlli onların taleyində çox böyük rol oynayır. Bu münaqişə onların qarşıya qoyduqları bir sıra planların həyata keçirilməsində maneədir. Onsuz da bu həmişə var idi. Onlar bunu həmişə başa düşmürdülərsə, bu onların özlərinin faciəsidir. Onlar bunu ən böyük layihələrdən olan "Bakı-Tbilsi-Ceyhan" kəməri reallaşan zaman başa düşməli idilər. Amma son məqamda onlar gördülər ki, hətta dünyanın köməyi ilə həyata keçirtmək istədikləri bir "açılım" yenə də bu məsələ ilə bağlı dayandırılır. Bu gün Türkiyənin Baş naziri dedi ki, amerikalılara belə bir bəyanat verəcəyəm ki, siz əgər regionda bütün məsələlərin həll olunmasını istəyirsinizsə, "açılım"ın həyata keçirilməsini istəyirsinizsə, mütləq bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həl olunmalıdır.

Ümumiyyətlə, mən son danışıqlarla bağlı belə bir şərh verərdim ki, Afina sammiti bütün bunlarla bağlı sanki bir yekun oldu. Bununla bağlı belə bir ümumi mövqe ortaya qoydu. İndi bunun üzərində pozitiv dinamika prosesinin davam etdirilməsinin vacibliyi əsas aktual məsələlərdən biridir.

- Həmsədrlər qeyd edirlər ki, münaqişə baza prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

- Danışıqlar prosesində vacib məsələrdən biri də Ermənistan rəhbərlərini bu məsədə inandırmaqdır. Eyni zamanda, həmsədrlər də, dünya ölkələrinin rəhbərləri də, beynəlxalq təşkilatlar da bununla razıdırlar ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanııyırlar.

Danışıqlar prosesi gedir ve Azərbaycan öz səylərini ortaya qoyur. Dağlıq Qarabağa ən geniş muxtariyyət ərazi bütövlüyü çərçivəsində verilməlidir. Madrid prinsiplərində də bu açıq-aydın göstərilir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı icması və erməni icması birlikdə yaşaya və öz statusunu həll edə bilərlər. Bunun üzərində danışıqlar gedir.

Erməni rəhbərləri zaman-zaman müəyyən bir mövqeni tutub, sonra öz mövqelərini dəyişirlər, ona görə ki, Ermənistanda stabil hakimiyyət yoxdur, xalqın birliyinə arxalana bilən hakimiyyət yoxdur.

Ermənistan rəhbərliyində bir sabit, formalaşmış mövqe yoxdur. Ermənistanda vəziyyət ümumiyyətlə mürəkkəbdir.

- Növbəti illərdə Dağlıq Qarabağın həllində hər hansı bir irəliləyiş gözlənilirmi?

Düşünürəm ki, bu pozitiv dinamika davam etməlidir. Çünki artıq bununla bağlı bir növ bıçaq sümüyə dirənib. 10-15 ildən artıqdır ki, həmsədrlər bunun üzərində işləyirlər. Bu, çox unikal formatdır. Dünyada münaqişələr çoxdur, amma belə bir format indiyə qədər olmayıb. 15 ildən artıqdır ki, üç böyük dövlətin nümayəndələri bu istiqamətdə səy göstərirlər, çalışırlar. Düzdür, onların bu çalışmaları, bu sıəyləri hələlik heç bir nəticə verməyib. Amma bu qədər də dözmək mümkün deyil. Bu qədər aylar keçir, illər keçir, bir nəticə olmalıdır. Hələlik nəticə yoxdur. Həmsədrlər artıq başa düşürlər ki, məsələnin bu qədər uzanması düzgün deyil. Onlar özləri-özlərinə yəqin sual verirlər ki, axı necə ola bilər ki, bu illər ərzində biz heç olmasa ilk addım kimi bir nəticə də əldə edə bilməyək? Digər tərəfdən, eyni zamanda onların təmisil etdikləri dövlətlər bu barədə düşünürlər.

Bu gün Cənubi Qafqazda elə bir situasiya yaranıb ki, istər-istəməz böyük dövlətlər, burada marağı olan ölkələr münaqişənin həllində də maraqlı olduqlarını dərk etməlidir. Bu münaqişəyə heç vaxt ikinci dərəcəli hadisə kimi baxmaq olmaz. Bu, bir nömrəli problemdir. Amma birdən birə dünya dövlətlərinin səylərinin Türkiyə-Ermənistan yaxınlaşmasına yönəlməsi onların özlərini də təəccübləndirməlidir. Çünki bölgədə ciddi bir münaqişə ola-ola, böyük dövlətlərin onun həlli üçün çalışdığı bir vaxtda İsveçrədə Türkiyə ilə Ermənistan arasında 2 il gizli danışıqlar aparılması istər-istəməz sual doğurur: ay İsveçrə, sən belə sülhpərvər, neytralsansa, bu səylərini Dağlıq Qarabağ münaqişəsinin həllinə niyə sərf etmədin? Biz elə etməliyik ki, dünyada böhranlar olsa belə, yalnız iqtisadi, maliyyə xarakterli olsun. Beynəlxalq münasibətlərdə ədalət böhranı olmamalıdır, buna imkan verilməməlidir. Beynəlxalq münasibətlərdə ədalət prinsipinə riayət edilməzsə, bu, ciddi böhrana gətirib çıxaracaq. Beynəlxalq hüquq, onun norma və prinsipləri ədaləti bərpa etmək üçün yaradılıb.

Ona görə də düşünürəm ki, 2010-cu ildə pozitiv dinamika davam etdirilməlidir. Bu, həm Azərbaycana, həm Ermənistana, həm bölgəyə, həm də Rusiyaya, ABŞ-a lazımdır.

- Danışıqlara icmaların cəlb olunması zaman-zaman gündəmə gəlir. Ermənistan rəhbərliyi belə bir bəyanat verdi ki, çərçivə sazişinin hazırlanmasında mütləq icmalar - konkret olaraq, erməni icması iştirak etməlidir. Buna münasibətiniz necədir?

- Zaman-zaman mən özüm də müşahidə etmişəm, Azərbaycan Prezidenti də qeyd etdi - Ermənistan rəhbərliyində qəribə bir xarakter var. Onlar siyasi möhtəkirliyi, siyasi alveri sanki peşə seçiblər və bununla az qala fəxr edirlər. Dövlət başçısının, xarici işlər nazirinin hər hansı sözü mühüm bir öhdəlikdir, hüquqi faktdır. Hər hansı dövlətin başçısı Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirsə, o dövlətin xarici siyasəti də bu istiqamətdə addımlar atmalıdır. Dövlətlərin hamısı Azərbaycanla bağlı bu bəyanatı verirlər. Lakin çox təəssüf ki, sonra öz sözlərinə sahib çıxmırlar, bu istiqamətdə lazımi addımlar atmırlar. Elə olsaydı, münaqişə çoxdan həll olunardı. Bu vəziyyətdən istifadə edərək Ermənistan rəhbərliyi də həmişə bir neçə ehtiyat variant saxlayır ki, birdən sabah bir hadisə olar, mən tez fikrimi dəyişmək üçün başqa arqument tapım. Danışıqlarda dəfələrlə belə hal olub. Zaman-zaman onlar bu məsələni ortaya atırlar. Bu gün həmsədrlər də, ATƏT də qəbul edib ki, bu prosesdə iki tərəf var - Azərbaycan və Ermənistan. Münaqişə iki tərəf arasındadır. Münaqişənin həllinin müəyyən mərhələsində - final mərhələsində - proseslər həll istiqamətində gedərsə, onda Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni icması danışıqlar prosesinə qoşula, statusun müəyyənləşməsində iştirak edə bilər. Bu, bizim mövqeyimizdir və qüvvədə qalır. Ancaq Ermənistan rəhbərliyi üçün bu bir bəhanədir. Mənə elə gəlir ki, onların bu mövqeyi ciddi qəbul edilmir və edilə də bilməz. Çünki hələlik format budur və danışıqlar bu formatda gedir.

- Çərçivə sazişi ilə sülh sazişi nə ilə fərqlənir?

- Hələlik bu suala konkret cavab vermək çətindir. Ona görə yox ki, mən məlumatsızam. Hələlik bu, danışıqlar prosesinin mövzusudur. Çərçivə sazişi bu prosesi irəli aparmaq üçün bir neçə baza prinsipi ətrafında razılaşmadan ibarət ola bilər. Sülh sazişi isə həm münaqişənin həllinin fundamental baza prinsiplərini, həm də texniki, iqtisadi, ekoloji və digər bütün problemlərin həllini özündə əks etdirən yekun sənəddir. Fərqlər bundan ibarət ola bilər. Biz ilk dəfə diqqəti proses yaxşı getsin deyə çərçivə sazişinə yönəldirik. Yəni söhbət baza prinsipləri ətrafında razılaşmadan gedir. Şübhəsiz ki, sülh sazişində müəyyən təminatlar olmalıdır. Bu da son mərhələnin məhsulu olacaq.

Xəbər lenti

Xəbər lenti