Fransa, Strasburq, 22 iyun/ Trend, müxbir. A.Məhərrəmli/
AŞ PA-da qurumun yay sessiyasının birinci iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı "Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin intensivləşdirilməsi zərurəti" adlı yazılı bəyannamə yayılıb. Qurumun ilk iclasında elan edilən sənədi 20 ölkədən 40-a yaxın deputat imza atıb. Bəyannamə imza üçün açıq elan edilmişdi.
"Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsi və onların tətbiqinə nəzarətin olmaması Avropa Şurasına münasibətdə tənqidi yanaşmalara gətirib çıxarıb. Buna baxmayaraq, qətnamələrin yerinə yetirilməsinə nəzarət etmək üçün yaradılan Alt Komitələrin işini yenidən canlandırmaq üçün AŞ PA-nın yeni sədrliyinin göstərdiyi səyləri alqışlamaq lazımdır"-sənəddə qeyd edilir.
Sənəddə habelə Lord Rasel Consonun (Lord Russell-Jonston) sədrliyi dövründə Alt Komitənin konstruktiv fəaliyyət göstərdiyi qeyd olunur.
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün yaradılan ATƏT-in Minsk qrup sözügedən Alt Komitəni əvəz etmir. Əlbəttə ki, yuxarıda qeyd olunan hər iki qurum eyni məqsədlər daşıyır, lakin onların fəaliyyəti fərqlənir və hər biri münaqişənin həllinə töhfə verməyə çalışır"-bəyannamədə vurğulanır.
Sənəddə həmçinin ona imza atanların AŞ PA sədrinin Alt Komitənin fəaliyyətini canlandırmaq üçün göstərdiyi səylərə həssaslıqla yanaşıldığı və bu səylərin qarşısını almağa yönələn hər cür tədbirlərin sülh prosesinin əngəllənməsinə gətirib çıxaracağı qeyd olunur.
Qeyd edilməlidir ki, istər həmin sənədin qəbul edilərək yayılması, istərsə də AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə Alt komitənin hərəkətə gətirilməsi səmtində görülən digər işlər erməniləri ciddi narahat edir.
İşğalçı ölkədə həmin məsələnin yaratdığı narahatlığı şərh edən millət vəkili bu xüsusda 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnamənin xüsusi məna daşıdığını bildirib.
"Sözügedən qətnamə dünyanın ən mötəbər təşkilatlarından sayılan Avropa Şurasının mövqeyi olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə suyasətini gerçəkləşdirdiyini, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu birmənalı şəkildə ortaya qoyur. O qətnamənin icrasına nəzarət məqsədilə yaradılmış işçi komitə Avropa Şurasında bir neçə il mərhum Lord Rassel Constonun rəhbərliyi altında səmərəli çalışdı. Həmin komitənin AŞPA-da varlığı və fəaliyyətdə olması faktının özü artıq uğurdur, çünki Ermənistanın Azərbaycana qarşı işğalı, Dağlıq Qarabağ məsələsini daimi olaraq gündəmdə saxlayır. Təbii ki, bu ermənilərə heç vəchlə sərf etmir. Elə bu səbəbdəndir ki, Parlament Assambleyasının yeni sədri Mövlud Çavuşoğlu Lord Rasel Constonun vəfatından sonra xeyli müddət fəaliyyəti dondurulmuş bu komitəni yenidən dirçəltmək üçün aprel ayında ilk təşəbbüsünü edəndən sonra Ermənistanda ona qarşı müxtəlif hücumlar başlanmışdır. Dağlıq Qarabağ üzrə işçi komitənin fəaliyyətinin bərpa edilməsi qanuni bir prosedur olmaqla Avropa Şurasının nizamnamə tələblərindən irəli gəlir. Ermənistan tərəfi Dağlıq Qarabağ üzrə işçi komitənin fəaliyyətə başlamasının qarşısını hər vasitə ilə almağa çalışır", - Hüseynov qeyd edib.