Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir R.Daraxşan/
Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində irəliləyişlərdən faydalanacaqlar, - bu barədə çərşənbə axşamı Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin müavini Filip Hordon xüsusi brifinqdə dövlət katibi Hillari Klintonun Azərbaycan və Ermənistana qarşıda duran səfəri barədə sualları cavablandıraraq deyib.
İyunun 26-da Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri Kanadada keçirilən "Böyük səkkizlik"in zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.