...

Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında danışıqlarda iştirak edə bilməz – Rusiya XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2010 14:36 (UTC +04:00)
Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında ayrıca tərəf kimi danışıqlarda iştirak edə bilməz; belə ki, Azərbaycan onu öz ərazisi hesab edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyində görüşdə jurnalistlərə XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Andrey Kelin deyib.
Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında danışıqlarda iştirak edə bilməz – Rusiya XİN

Rusiya, Moskva, 24 sentyabr /Trend, müxbir A.Qasımova/

Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında ayrıca tərəf kimi danışıqlarda iştirak edə bilməz; belə ki, Azərbaycan onu öz ərazisi hesab edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyində görüşdə jurnalistlərə XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Andrey Kelin deyib.

"Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiya münaqişəsindən də mürəkkəbdir. İndi münaqişə tərəflərinə Madrid sənədində nəzərdə tutulan prinsipləri razılaşdırmaq üçün siyasi iradə lazımdır", - Kelin bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu düzgün və səmərəli formatdır, halbuki onu genişləndirməyə çalışıblar.

"Rusiya Prezidenti Dmitri Medvedev hesab edir ki, münaqişənin nizamlanmasında konstruktiv rol oynaya bilər, onun danışıqlar prosesindəki fəaliyyəti buna sübutdur", - Kelin qeyd edib.

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi, bizim üçün müttəfiqdir, Azərbaycan isə strateji tərəfdaşdır", - o vurğulayıb.

Kelinin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləməkdə davam edəcək.

"ATƏT-in qiymətləndirmə missiyasının indi münaqişə zonasına getməsi müsbət andır, lakin başa düşmək lazımdır ki, münaqişənin yayılmasının qarşısını almaq üçün hərbçilər arasında dialoq lazımdır", - Kelin deyib.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası hazırda Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti öyrənir. Minsk qrupu həmsədrlərinin son səfəri zamanı vasitəçilər ərazilərdə olub və vəziyyətlə tanış olublar. Onların işğal olunmuş ərazilərdəki vəziyyət haqqında hesabat hazırlayacaqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti