Birləşmiş Ştatlar sülh danışıqlarının gedişinin sürətindən narahatdır, bu sözləri ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon ötən həftə Astanada baş tutan ATƏT-in zirvə toplantısının nəticələrini Vaşinqtondakı brifinqdə jurnalistlərə şərh edərkən demişdirt, məlumatı çərşənbə günü AzərTAc dövlət informasiya agentliyi yaydı.
Qazaxstan paytaxtında müzakirə edilən məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də olduğunu bildirən diplomat, zirvə toplantısında bununla bağlı münaiqşə tərəfləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatını müsbət addım kimi qiymətləndirmişdir. Eyni zamanda o, bildirmişdir ki, Birləşmiş Ştatlar son zamanlar atəşkəs xəttində baş verən pozuntulardan narahatdır
Bu, təhlükəli vəziyyətdir və bu səbəbdən biz, bütün ATƏT-in üzv dövlətləri tərəfindən vurğulanan Helsinki prinsipləri əsasında irəliləyişin əldə edilməsi üzərində intensiv iş aparırıq, Qordon söylədi.
Dövlət Katibinin müavini son zamanlar Rusiyanın vasitəçi kimi artan rolu, Birləşmiş Ştatların isə bu mənada passivliyi fikirləri ilə razılaşmayaraq demişdir ki, Rusiya münaqişədə rolunu fəallaşdırsa da, ABŞ, Rusiya kimi, münaiqşənin Minsk qrupu tərəfindən razılaşdırılan Əsas Prinsiplər üzərində həll olunmasını görmək istəyir. O, əlavə etmişdir ki, özü və həmkarları münaqişə tərəflərli ilə yaxın təmasdadır. Bu ilin iyulunda Azərbaycana və Ermənistana səfər edən Dövlət Katibi Hillari Klinton da məsələ ilə bağlı mütəmadi məlumatlar alır, vəziyyəti yaxından izləyir. ABŞ münaqişənin həllinə verdiyi əhəmiyyətə görə, prosesdə yaxından iştirak edəcəkdir.