Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Hacıyev/
Ermənistan prezidenti Serj Sarkisyanın müharibə ilə bağlı son vaxtlar verdiyi bəyanatlar Ermənistanın çox çətin durumda olduğunu nümayiş etdirir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın vitse-spikeri Bahar Muradova deyib.
"Danışıqlar prosesi və Ermənistanın bu prosesdə qeyri-konstruktiv iştirakı ona qarşı təzyiqləri artırır", - Muradova bildirib.
Vitse-spikerin sözlərinə görə, zahirən proseslərin gedişinin Ermənistanın maraqlarına uyğun kimi görünməsinə baxmayaraq, bu, belə deyil.
"Əvvəl-axır beynəlxalq hüquq prinsipləri belə konfliktlərin həllində rəhbər tutulacaq. Astana sammitində 3+2 formatında verilən bəyanat da məhz ondan əvvəlki danışıqlar prosesindəki şərtlərə istinad edərək, məsələnin sülh yolu ilə həllini nəzərdə tutur. Bu mənada, Ermənistanın müharibəyə hazırlaşması və onu udacaqları barədə bəyanatları əsassızdır", - Muradova qeyd edib.
Vitse-spiker Sarkisyanın müharibə bəyanatlarının Ermənistan cəmiyyətinə hesablandığını və daxildə bu ölkənin rəhbərliyinə qarşı təzyiqlərin qarşısını almağa yönəldiyini bildirib.
"Onlar müharibəni yox, döyüşü udublar, Azərbaycanın öz ərazisini beynəlxalq hüquq çərçivəsində azad etmək imkanı qalır. Azərbaycan bu hüquqdan yeri gələndə istifadə edəcək", - Muradova deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.