...

Azərbaycan və Ermənistan arasında mülki şəxslə əsirin mübadiləsi baş tutub (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2011 16:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan cümə axşamı əsir və mülki şəxsin mübadiləsini həyata keçirib.
Azərbaycan və Ermənistan arasında mülki şəxslə əsirin mübadiləsi baş tutub (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra BQXK-nın və Dövlət Komissiyasının məlumatı əlavə olunub (ilk xəbər 15:05-də yayılıb.

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Ermənistan cümə axşamı əsir və mülki şəxsin mübadiləsini həyata keçirib.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Trend-ə verilən məlumata görə, bu gün saat 14:00 radələrində Ağdam rayonunda Komitənin vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.

Ermənistanın silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov, 10 may 2009-cu il tarixdə kiçik çavuş Anar Hacıyev əsir götürülüb.

"Biz çox şadıq ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində bu ölkələrin başçıları tərəfindən 2010-cu ilin oktyabr ayında Həştərxan görüşü zamanı götürdükləri və 2011-ci ilin mart ayında Soçidə bir daha təsdiq etdikləri öhdəliklərini yerinə yetiriblər", - BQXK-dən Trend-ə verilən məlumata görə, bunu Komitənin Yerevan nümayəndəliyinin başçısı Lorenzo Karaffi deyib.

O bildirib ki, BQXK neytral vasitəçı kimi çıxış edərək və mandatına uyğun olaraq qaytarılma əməliyyatını Ermənistan və Azərbaycan hökümətlərinin xahişi əsasında yerinə yetirib.

"Əməliyyatdan qabaq BQXK bir daha əmin oldu ki, sözügedən şəxslər öz azad istəklərinə uyğun olaraq qayıdırlar", - Karaffi deyib.

BQXK-nin nümayəndələri qaytarılan şəxslərin saxlanma şəraitini və onlarla rəftarı ətraflı öyrənmək məqsədilə əməliyyatdan qabaq bir neçə dəfə onlara baş çəkiblər.

"Mən xoşbəxtəm ki, ailəmə qayıdıram və son dəfə gördüyüm vaxtdan yetərincə böyümüş oğlumu görməyə can atıram", - qaytarılan şəxslərdən biri qaytarılma əməliyyatından qabaq BQXK nümayəndələri ilə son görüş zamanı belə deyib.

BQXK həmçinin qaytarılan şəxslərin saxlanması müddəti ərzində onların ailələri və qohumları arasında xəbərlərin çatdırılmasına imkan yaradıb.

Cenevrə konvensiyalarına əsasən, fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunur ki, əsir və mülki şəxsin mübadiləsi insidentsiz baş tutub.

Azərbaycan bir müddət əvvəl əsirlikdə olan üç erməni hərbi qulluqçunu onların istəyi ilə üçüncü dövlətə göndərib.

Hazırda Azərbaycanda üç erməni hərbi qulluqçu və beş mülki şəxs (bir ailənin üzvləri) saxlanır.

2010-cu il oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərini mübadilə etmək barədə razılığa gəliblər".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti