Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçilər mayın 18-də saat 17:50-dən 18:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 19:00-dan 19:20-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri saat 15:05-dən 15:32-dək və 15:45-dən 16:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:30-dan 20:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, mayın 19-da saat 00:50-dən 01:05-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.