...

Əli Həsənov: Azərbaycan prezidentlərin Kazan görüşündən çox şey gözləyir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2011 11:26 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözləyirik. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov: Azərbaycan prezidentlərin Kazan görüşündən çox şey gözləyir (ƏLAVƏ OLUNUB)

Beşinci və altıncı abzas əlavə edilib (İlk xəbər 11:14-də yayılıb)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözləyirik. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb. Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri birgə bəyanat verib. Münaqişənin tezliklə həlli iradəsi ortada var", - Həsənov deyib.

Həsənov bildirib ki, bəyanatda münaqişənin həll edilməsi, danışıqların intensivləşdirilməsi və irəliləyişə nail olunması çağırışları var.

"Düşünürük ki, Kazan görüşündə, həmin bəyanatın ruhunu da nəzərə alaraq, müəyyən irəliləyişə nail olmaq imkanları var", - o əlavə edib.

Həsənov hesab edir ki, bu imkanlar tək Azərbaycandan deyil, eyni zamanda neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan asılıdır.

"Dəfələrlə olub ki, əvvəl razılaşdırılmış və ya razılaşdırılmasına ümid bəslənilən məsələlər konkret görüşlər zamanı Ermənistan tərəfindən pozulub, onların bu və ya digər yanaşması ilə danışıqlar prosesi ləngidilib", - PA rəsmisi deyib.

İyunun sonlarında Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti