Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində azərbaycanlı və erməni icmalarının görüşünün baş tutmasının mümkünlüyünü araşdırır.
Trend-in məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova cümə günü Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Assambleyada Dağlıq Qarabağa dair keçirilən dinləmələrdə icmalar arasında görüşün təşkili təklifi ilə çıxış edib.
Muradovanın sözlərinə görə, o, çıxışında qeyd edib ki, ATƏT PA bu dinləmələrlə kifayətlənməməli, erməni və azərbaycanlı icmalarının görüşünün keçirilməsinə nail olmalıdır. Bildirib ki, icmaların görüşü münaqişənin həllində, etimadın qazanılmasında mühüm addım olar. Vitse-spiker çıxışının yüksək səviyyədə qarşılandığını da qeyd edib.
Muradova əlavə edib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş ya noyabrda, ya da yanvarda regiona səfər edəcək. Xüsusi nümayəndənin səfəri zamanı azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi barədə danışıqlar aparılacaq.
Muradova hesab edir ki, azərbaycanlı və erməni icmaları arasında görüş Bakıda keçirilməlidir. Çünki hər iki tərəfin nümayəndələri Azərbaycan vətəndaşıdır.
"Görüşün Bakıda keçirilməsi barədə razılığa gəlinməzsə, neytral yerdə - Vyanada keçirilə bilər. Görüşdə icmalar arasında qarşılıqlı etimad, birgəyaşayış, təhlükəsizliklə bağlı məsələlər müzakirə edilə bilər", - Muradova əlavə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Parlament Assambleyasının şənbə günü Xorvatiyanın Dubrovknik şəhərində keçirilən sessiyasında müzakirə olunub. Dinləmələrdə Minsk qrupunun həmsədrləri çıxış ediblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.