...

Azərbaycan ombudsmanı Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2012 11:22 (UTC +04:00)
Azərbaycan ombudsmanı Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
Azərbaycan ombudsmanı Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.

"Ermənistan Respublikası tərəfindən ölkəmizin ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarının işğalı, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir", - Ombudsman Aparatından Trend-ə daxil olan bəyanatda bildirilir.

Ombudsman qeyd olunanları nəzərə alaraq, dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulması, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək verilməsi, zəbt olunmuş torpaqların qaytarılması, yüz minlərlə qaçqın və məcburi köçkünün öz yurdlarına dönməsi, onların hüquqlarının bərpa edilməsi istiqamətində səylərini artırmağa çağırır.

"Bu, həm də Qafqazda sülhün, əmin-amanlığın bərqərar olunmasına, dinc yaşam tərzinin bərpa edilməsinə, davamlı inkişafın təmininə təkan verərdi", - bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, erməni terrorçular və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir.

"Beynəlxalq təşkilatların uzun illər boyu davam edən münaqişənin həllinə yönəlmiş səyləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilməli, monoetnik dövlətə çevrilmiş Ermənistan işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkərək, qəbul edilmiş mühüm sənədlərin müddəalarını yerinə yetirməli, ölkəmizin ərazi bütövlüyü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, onlar öz doğma yurd yerlərinə qayıtmalı, əsir və girovlar azad olunmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir", - bəyanatda deyilir.

Bəyanat BMT-nin baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, YUNESKO-nun baş direktoruna, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Xəbər lenti

Xəbər lenti