Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/
Milli Məclisin Azərbaycan-Litva Parlamentlərarası Dostluq Qrupu Litva Seymində Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılması ilə bağlı Litva Seyminin Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Juras Pozelaya və qrupun üzvlərinə etiraz məktubu ünvanlayıb.
Trend-ə daxil olan müraciətdə qeyd olunub ki, Litva Seymində təmsil olunan İşçi Partiyasının martın 14-də Seymin iclasında beynəlxalq hüququn subyektləri tərəfindən tanınmamış "Dağlıq Qarabağ respublikası" üzrə parlamentlərarası dostluq qrupunun yaradılmasını elan etməsi hiddətə səbəb oldu və Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Litva Parlamentlərarası Dostluq Qrupu belə bir qrupun yaradılmasına kəskin etirazını bildirir.
"Hesab edirik ki, Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi qüvvələrin, xüsusən, erməni diasporunun maraqlarına hesablanaraq atılan bu addım heç bir beynəlxalq siyasət və hüquq normaları ilə bir araya sığmır. Seym tərəfindən atılmış bu qərəzli və yanlış addım qeyri-obyektiv olmaqla yanaşı, Azərbaycanla Litva arasında mövcud olan dostluq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil və bu münasibətlərə ciddi zərbə vurur.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Litva tərəfinin mövqeyi Azərbaycan və Litva prezidentlərinin 2006 və 2007-ci il tarixli birgə bəyannamələrində öz əksini tapıb. Həmin mövqe bundan ibarətdir ki, Litva BMT Nizamnaməsinin prinsiplərini və ATƏT-in Lissabon sammitində qəbul edilmiş üç prinsipi tam dəstəkləyərək və onları rəhbər tutaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında, xüsusilə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həll edilməsini vacib hesab edir", - müraciətdə qeyd olunub.
Müraciətdə daha sonra bildirilib:
"Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qaytarılması istiqamətində Litva Seymi səy göstərib dəstək vermək, beynəlxalq aləmlə birlikdə bu işə töhfə vermək əvəzinə Ermənistan tərəfindən torpaqların işğal edilməsinə haqq qazandırır, "status-kvo"nun saxlanılması ilə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv siyasətini müdafiə etmiş olur. Münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində yaradılmış ATƏT-in Minsk qrupunun mandatına zidd olaraq sülh danışıqlarını təhdid etməklə Cənubi Qafqazda və bütövlükdə Avropada təhlükəsizliyin və davamlı sabitliyin təmin olunmasını sual altına alır.
Litva-Azərbaycan dostluq münasibətləri, ölkələrimiz arasında yaranmış tərəfdaşlıq fonunda belə bir qrupun yaradılması ilə bağlı narahatlığımızın tərəfinizdən anlayışla qarşılanacağına ümidvar olduğumuzu bildiririk.
İnanırıq ki, Litva Seymindəki həmkarlarımız beynəlxalq hüquqa söykənmiş haqlı mövqeyimizi dəstəkləyərək bu qrupun ləğv edilməsi istiqamətində əzm və qətiyyət nümayiş etdirəcək və bununla da ölkələrimiz və parlamentlərimiz arasında mövcud sıx işbirliyinin qorunub saxlanılmasına və bundan sonra da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcəklər.
Əminik ki, qrupun ləğv edilməsi ilə bağlı təklifimiz nəzərə alınacaq və bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməyən belə bir qrupun fəaliyyətinə xitam veriləcək".