...

Sapienza Universitetində Dağlıq Qarabağ münaqişəsi haqqında danışılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2013 01:10 (UTC +04:00)
Mayın 22-də Avropanın ən böyük universitetlərindən biri olan Romanın “Sapienza” Universitetində Azərbaycanşünaslıq kursunun təsis edilməsinin birinci il dönümünə həsr edilmiş konfrans keçirilib.
Sapienza Universitetində Dağlıq Qarabağ münaqişəsi haqqında danışılıb (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Mayın 22-də Avropanın ən böyük universitetlərindən biri olan Romanın Sapienza Universitetində Azərbaycanşünaslıq kursunun təsis edilməsinin birinci ildönümünə həsr edilmiş konfrans keçirilib.

Trend-in məlumata görə, konfrans iştirakçılarına Sapienza Universitetinin rektoru, professor Luici Frattinin adından təbriklərini çatdırmış universitetin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru, professor Antonello Biacini Azərbaycanla İtaliya arasında çoxsahəli əlaqələrin mövcud olduğunu və 2012-ci ildə Bakı şəhərində Sapienza Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətli olduğunu qeyd edib. A.Biacini Azərbaycanın İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Sapienza Universitetinin tədqiqatçıları tərəfindən Azərbaycanın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzularında yazılmış kitablar barədə məlumat verib.

Tədbirdə Sapienza Universitetinin müxtəlif sahələr üzrə professorlar və müəllim heyətinin üzvləri Daniel Pomiyer, Andrea Karteni, Fabio Grassi, Alfredo Antonaçi və Roberto Kerubini çıxış edib və Azərbaycanşünaslıq kursunun məhz bu universitetdə təsis edilməsinin önəmliyini qeyd ediblər. Konfransda Azərbaycanşünaslıq kursunu bitirmiş və ölkəmizə səfər etmiş universitetin tələbələri də çıxış ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Sapienza Universitetinin rəhbərliyinə təşəkkürünü bildirərək belə bir tədris kursunun təsis edilməsinin əhəmiyyətini bildirib.

Tədbirin ikinci hissəsini açmış Sapienza Universitetinin Avropanın müasir tarixi kafedrasının müdiri, professor xanım Ciovanna Motta öz çıxışında müasir tarixin öyrənilməsinin İtaliyanın digər ölkələrlə əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd edib.

Daha sonra səfir Vaqif Sadıqov Azərbaycanın müasir tarixi, xarici və iqtisadi siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzularına həsr edilmiş mühazirə ilə çıxış edib.

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və müzakirələr aparılıb.

Tədbirdə Sapienza Universitetinin professorları, müəllim heyətinin üzvləri, tələbələri və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti