...

Qarabağ Araşdırmalar Mərkəzi açılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2013 15:52 (UTC +04:00)
Bu gün Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilib.
Qarabağ Araşdırmalar Mərkəzi açılıb (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə layihəsi olan mərkəzin açılış mərasimi açıq elan edən icmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov mərkəzin yaranması ideyasından və qarşısında duran vəzifələrdən danışıb.

Tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Prezidenti Administrasiysı Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, akademik Vaqif Fərzəliyev, Dövlət İdarəçilik Akademiyasının dosenti, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analiyik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov yaradılan mərkəzin əhəmiyyətindən danışıb, bu təşəbbüsün irəli sürülməsi ideyasını təqdirəlayiq hal kimi qiymətləndirərək mərkəzin işinə uğurlar arzulayıblar.

Qarabağ Araşdırmalar Mərkəzi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaqdır.

Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin elmi mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulub. Mərkəzdə Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxananın yaradılması və elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloq tərtib edilib.

Açılış mərasimində dövlət və hökumət nümayəndləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və eləcə də elm adamları iştirak ediblər.

Layihədə göstərdiyi texniki dəstəyə görə Simbrella şirkətinə təşəkkür bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti