...

Politoloq: Həmsədrlər Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsinə inamlarını tamamilə itiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2014 14:58 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın ortalığa qoyduğu ideyalarda pərakəndəlik və məntiqsizlik davam edir.
Politoloq: Həmsədrlər Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsinə inamlarını tamamilə itiriblər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın ortalığa qoyduğu ideyalarda pərakəndəlik və məntiqsizlik davam edir. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan prezidentinin fikrincə, Dağlıq Qarabağ "xalqı" milli azadlıq uğrunda mübarizə aparıb, ona görə də dünyada heç kim Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinə laqeyd qala bilməz.

Politoloq hesab edir ki, əvvəla, Dağlıq Qarabağ ermənilərinin müstəqillik uğrunda mübarizə aparması absurddur: "Dağlıq Qarabağ erməniləri SSRİ-ni dağıtmaq məqsədilə Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə daxil olmaq uğrunda fəaliyyət göstəriblər. Sonradan Ermənistanın tərkibinə birləşməyin alınmayacağını başa düşdükləri üçün müstəqil olmaq ideyasını ortalığa atdılar. Ermənistanda eks-prezident Robert Koçaryanla indiki prezident Serj Sarkisyan arasında gedən son mübahisələr də bunu sübut edir. Koçaryan və Sarkisyan hər ikisi Qarabağ klanının üzvü olub, Qarabağ hərəkatına ikinci dalğada və eyni vaxtda qoşulublar. Koçaryan Dağlıq Qarabağda və Ermənistanda hansı vəzifə tutubsa, Sarkisyanı həmişə özündən sonrakı vəzifəyə təyin edib. Hansı vəzifədə olmasından asılı olmayaraq, Sarkisyan Koçaryanın ən yaxın adamı olub. Sarkisyanın Ermənistanda prezident seçilməsinin əsas səbəbi Koçaryanın "ailəsini yalnız ona etibar etməsi" olub. Koçaryan Ermənistanın AİB-ə üzvlüyü fonunda Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin qurulması mövzusu qızışan zaman bəyanat verdi və bildirdi ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Dağlıq Qarabağda başlanan hərəkatın məqsədi də Ermənistana birləşməkdir. Ona görə də heç kim Dağlıq Qarabağla Ermənistan arasında nəzarət-keçid məntəqəsi qoya bilməz. Sarkisyan isə Dağlıq Qarabağın ayrıca, ikinci erməni respublikası olduğunu bildirdi və Ermənistanın AİB-ə öz bildiyi sərhədlər çərçivəsində daxil olacağını bəyan etdi. Hər halda Koçaryan və Sarkisyanın mübahisəsi aydın nümayiş etdirir ki, ermənilər arasında Qarabağın müstəqilliyi, yoxsa Ermənistana birləşdirilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur.

İkincisi, Sarkisyan belə başa düşür ki, milli azadlıq mübarizəsi beynəlxalq hüquqda təsbit olunmuş məsələdir, bu BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunub. Əslində milli azadlıq mübarizəsi heç də hüquqi məsələ deyil. Görünür, Sarkisyanın savadsızlığından ətrafındakılar bu şeyləri ona başa sala bilmirlər. Sarkisyanın istifadə etdiyi anlayışlardan biri də Ermənistanın Avrasiya İqtisadi Birliyinə "öz başa düşdüyü əraziləri ilə" daxil olması ifadəsidir. Bununla da o, Ermənistanla birlikdə Dağlıq Qarabağın AİB-ə üzv olacağını bildirir. Sarkisyan unudur ki, Ermənistanın AİB-ə BMT-nin tanıdığı sərhədlər çərçivəsində üzvlüyü belə Ermənistanın özündən asılı deyil. Rusiya Ermənistanı BMT sərhədləri çərçivəsində AİB-ə daxil olmağa məcbur edir. AİB-in digər iki təsisçisi Qazaxıstan və Belarus isə konsensus vermirlər".

Politoloq hesab edir ki, Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanması ilə bağlı verdiyi yeni açıqlaması onun savadsızlığının və riyakarlığının ən yüksək dərəcəsi idi: "Onun fikrincə, tənzimlənməmənin səbəbi ATƏT-in Minsk qrupu vasitəçilərinin ortalığa qoyduğu sənədlərin Azərbaycan və Ermənistan tərəfindən müxtəlif cür anlaşılmasıdır. ATƏT-in Minsk qrupu 20 ildən çox fəaliyyətdədir. Sarkisyanın yüksək vəzifədə olması isə 15 ili ötüb. Bunun son 7 ilini Ermənistanın baş naziri və prezidenti vəzifəsində keçirib. Bu dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə iyirmidən çox görüş keçirib. Hər görüşdə həmsədrlərdən 5-10 cümlə söz soruşsaydı, vasitəçilərin ortalığa qoyduğu sənədləri düzgün oxumağa nail ola bilərdi. 2009-cu ildən etibarən isə həmsədr ölkə prezidentləri ortalığa "Madrid Prinsiplərinin yenilənmiş variantı" adlı sənəd qoyublar və bu sənədi dəyişmək fikrində deyillər. Təxminən bir vərəqdən bir az çox həcmi olan sənədi Sarkisyanın beyni 5 il ərzində mənimsəmirsə, bunun günahını özündə axtarmalıdır. Onun ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sənədlərinin müxtəlif cür anlaşılması barədə fikri vasitəçiləri dərhal hərəkətə gətirməli idi. Görünür, vasitəçilər dinc yolla tənzimlənməyə inamlarını tamamilə itiriblər, ümidləri qırılıb. Ona görə də hətta növbəti bəyanatla belə izah verməyə güc tapmadılar".

Mərkəzin direktoru bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Edvard Nalbandyanın son mövqeyi də, başqa sözlə, əvvəlcədən başladığı və indi davam etdirdiyi mövqe də paradoksaldır: "O, Ermənistanla ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqelərinin eyni olduğunu bildirir. O, Almaniyanın xarici işlər naziri ilə Berlində və ATƏT sədri ilə Yerevanda görüşərkən ATƏT-in Minsk qrupu ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin eyni olduğunu bildirib. Paradoks ondadır ki, həmsədrlər 12 mayda verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı əraziləri "işğal olunmuş ərazilər" adlandırıb. Deməli, Nalbandyan da Dağlıq Qarabağ ətrafındakı rayonları işğal olunmuş ərazilər hesab edir. Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha bir mövqeyi ondan ibarətdir ki, dinc tənzimlənmədə alternativ təkliflər yoxdur və olmayacaq. Lakin bununla yanaşı, ermənilər ortada olan varianta razılıq vermirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti