...

Millət vəkili: Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini kütləvi şəkildə minalaması yolverilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2014 16:48 (UTC +04:00)
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin minalamasından Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də əziyyət çəkəcək.
Millət vəkili: Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini kütləvi şəkildə minalaması yolverilməzdir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin minalamasından Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də əziyyət çəkəcək. Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən azərbaycanlıların girov götürülməsindən sonra dünən Ermənistanın müdafiə naziri Seyran Ohanyanın hökumətin iclasında Kəlbəcərə gedən bütün yolların tapılacağı və minalanacağı barədə bəyanatına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, ərazilərin minalanması ümumiyyətlə, beynəlxalq qanunlara ziddir: "Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyasız davranışı və kütləvi şəkildə minalama siyasətini həyata keçirməsi yolverilməzdir. Ərazilərin minalanmasından mülki şəxslərin daha çox zərər çəkməsi ehtimalı var. Bundan Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də əziyyət çəkəcək. Bu baxımdan Ermənistanın bu hərəkəti həyasız və qudurğan davranışdır və nə qədər ki, beynəlxalq təşkilatlar Ermənistana "dur" deməyəcək, onlar bu cür addımlarını davam etdirəcəklər".

Ç.Qənizadə qeyd edib ki, Kəlbəcərdə girov götürülən azərbaycanlılar mülki şəxslər olublar və onların getdikləri yerlər də Azərbaycan əraziləridir: "Sadəcə münaqişə zonasına keçərək öz ata-baba yurdlarını ziyarət ediblər. Onların tanınmayan bir respublikanın qanunları ilə mühakimə olunması da təbii ki, qəbuledilməzdir. Dünya "Dağlıq Qarabağ" adlı bir respublikanı tanımayıb. Yəni bu, özbaşınalıq və həyasızlığın ən ifrat formalarından biridir".

Millət vəkilinin sözlərinə görə, indi ermənilər qəsdən məlumat yayırlar ki, girov götürülən azərbaycanlılar guya hanısısa 17 yaşlı erməninin ölümündə günahlandırılır: "Hələ yoxlamaq lazımdır ki, belə bir gənc ölübmü, ümumiyyətlə, belə bir adam varmı? Azərbaycanlıların bu gənclə nə əlaqəsi? Ümumiyyətlə, bunlar hamısı qurulmuş bir ssenaridir".

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin indiyədək girov götürülmüş azərbaycanlılarla görüşə bilməməsi onu göstərir ki, bu təşkilatlar Ermənistan kimi dövlətin əlində acizdirlər: "Mən bir millət vəkili və hüquq müdafiəçisi olaraq tələb edirəm: BQXK təcili olaraq Ermənistan hərbçiləri tərəfindən saxlanılan şəxslərin vəziyyəti, səhhəti barədə onların ailələrinə məlumat verməlidir! Girov götürülənlərdən biri etnik baxımdan azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Ona görə də Azərbaycanın rəsmi qurumları Rusiyanın Xarici İşlər Nazirliyinə müraciət edərək həmin şəxsin geri qaytarılması üçün Rusiyanın vasitəçi olması üçün müraciət etməli və ondan dəstək istəməlidir".

Digər tərəfdən Ç.Qənizadənin fikrincə, Ermənistanın bugünkü qudurğan davranışı, beynəlxalq hüquq normalarına arxa çevirməsi məhz elə Rusiya və digər dövlətlərə güvənməsinin nəticəsidir: "Məsəl var, "arxalı köpək qurd basar". Hesab edirəm ki, bu cür dövlətlər Ermənistanın arxasında durmasa idi, o bu cür həyasızcasına öz işğalçı siyasətini həyata keçirə bilməzdi".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. Qeyd edilir ki, azərbaycanlılar zərərsizləşdirilərkən bir erməni zabiti ölüb, onun həyat yoldaşı isə yaralanıb.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Ermənistan tərəfi Kəlbəcərdə saxlanılan azərbaycanlıları "diversant" kimi qələmə verməyə çalışır və onların separatçı rejimin qanunları əsasında mühakimə olunacaqlarını bildirib. İyulun 17-də isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın hökumətin iclasında çıxış edərək Azərbaycandan Kəlbəcərə gedən bütün yolların tapılacağını və minalanacağı bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti