Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Səba Ağayeva/
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında "neytral ərazi" ifadəsinin işlədilməsi qəbuledilməzdir". Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinə məxsus olan hərbi-hücum helikopterinin zərərləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonunda baş verib: "Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), C.Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) bəyanatlarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.
Bəyanatda qeyd olunub ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin "neytral ərazis"inin minalanmış zonasında yerləşir.