Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Yelena Kosolapova/
ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş əraziləri üzərində Ermənistanın vurulub salınan hərbi helikopteri ilə bağlı verdiyi bəyanat Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bu struktura olan inamı sarsıda bilər. Bunu Trend-ə Avropa Siyasət Mərkəzinin (Brüssel) analitiki Amanda Pol bildirib.
O deyib: "Söz rəyi formalaşdırır və təəssüf ki, ATƏT MQ-nin bəyanatı Azərbaycan tərəfi ilə bağlı yanlış təsəvvür yaratdı. Bu, qurumun münaqişəni nizama salması bacarığının tez-tez şübhəyə məruz qaldığı dövrdə Minsk qrupuna olan inamı sarsıtmaq riski yaradır".
Bundan əvvəl Minsk qrupunun bəyanatında qeyd olunmuşdu ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində "neytral ərazi"də minalanmış zonada yerləşir. Bununla əlaqədar olaraq Azərbaycan rəsmiləri etiraz etmişdilər: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında "neytral ərazi" ifadəsinin işlədilməsi qəbuledilməzdir". Daha sonra Minsk qrupu bəyanatında "neytral" sözünü "yaşayış olmayan" ifadəsi ilə dəyişib.
Pol xatrıladıb ki, helikopterin Azərbaycanın işğal olunmuş ərazilərində vurulmasına baxmayaraq, ATƏT MQ həmin ərazini "heç kəsə aid olmayan ərazi" adlandırdı ki, bu da hərbi terminologiyaya əsasən, bufer zona deməkdir. Yəni, MQ bu ərazini neytral ərazi kimi xarakterizə etdi: "Lakin aydındır ki, Dağlıq Qarabağ münaqişəsi zonasında və onun ətrafında "neytral ərazi" yoxdur və bu, bir neçə gün əvvəl ATƏT MQ-nin ABŞ-dan olan həmsədri Ceyms Uorlik tərəfindən qeyd olunub".
Bununla yanaşı, Pol deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi ATƏT MQ daim öz bəyanatlarında ifadələri diqqətlə seçərək həmişə ehtiyatlılığa riayət etməyə çalışır.
Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.