...

Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri məcburi köçkünlərlə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2014 18:10 (UTC +04:00)
Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni məcburi köçkünlərlə görüşüb.
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri məcburi köçkünlərlə görüşüb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllə ilə, burada yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşərək söhbət edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ölkəmizdə məcburi köçkünlər üçün yaradılmış şəraitlə yerində tanış olmaq istəyi ilə onlarla görüşə gəldiyinə görə qonağa təşəkkürünü bildirən F.Hüseynov eyni zamanda ona məlumat verib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı və ona edilmiş əlavələrə uyğun olaraq indiyədək respublikamızın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə bu cür 89 müasir tipli qəsəbə tikilib istifadəyə verilib, daha ağır şəraitdə yaşayan soydaşlarımız bu qəsəbələrə köçürülüblər.

Sonra diplomat məhəllədə inşa olunmuş orta məktəb binası, uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub. Qonağın diqqətinə çatdırılıb ki, müasir tipli bu qəsəbədə yaşayış binaları, orta məktəb, uşaq bağçası ilə yanaşı, klub-icma mərkəzi, poçt şöbəsi və digər zəruri sosial-texniki infrastrukturlar da istifadəyə verilib.

Sonda B.İ.Svendsen Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evində onların şəraiti ilə tanış olub, onunla söhbət edərək fikirlərini bölüşüb, məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, səfir, həmçinin həmin gün Binəqədi rayonu ərazisində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşan məcburi köçkünlərlə də görüşüb və onların həyat şəraiti ilə yaxından tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti