...

Müdafiə Nazirliyi ermənilərin "itki strategiyası"na aydınlıq gətirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2015 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

"Biz ermənilərdən fərqli olaraq şəhidlərimizin xatirəsinə hörmətlə yanaşırıq". Bunu Trend-in Ermənistan müdafiə nazirinin müşaviri Geqam Arutyunyanun Azərbaycan tərəfinin cəbhədə itkilərinə dair açıqlamaları ilə bağlı sorğusunu cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlının sözlərinə görə, Azərbaycan tərəfinin yanvar ayı ərzində guya 30 nəfər itki verməsi ümumiyyətlə ağlasığmazdır: "Azərbaycan tərəfinin itkiləri olduğu vaxt hər zaman onlar ictimaiyyətə açıqlanıb. Məsələ heç də ermənilərin, xüsusən Arutyunyanın dediyi kimi deyil. Əksinə, ermənilər özləri öz itkilərini gizlədirlər. Hətta onların özlərinin təsdiq etdiyi ad və soyadlarla götürdükdə erməni tərəfinin itkilərinin sayı 20 nəfərdən çoxdur, yaralıların sayı isə onlarladır. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov da keçirilən irimiqyaslı hərbi təlimdə bəyan edib. Azərbaycan tərəfinin itkilərinə gəlincə, biz heç zaman şəhidlərimizi gizlətmirik və ermənilərdən fərqli olaraq onların xatirəsinə hörmətlə yanaşırıq. Hərbi qaydalara uyğun olaraq hərbi hissə nümayəndələrinin iştirakı ilə şəhidlərimizin təntənəli dəfn mərasimləri təşkil edilir".

Qeyd edək ki, Ermənistan KİV-ləri G.Arutyunyana istinadən xəbər verirlər ki, 2015-ci ilin yanvar ayı ərzində Azərbaycanın cəbhədə 30 hərbçisi öldürülüb. Erməni tərəfdən isə cəmi 7 əsgər ölüb.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü erməni mediasında Ermənistanın Tavuş rayonunda 85 yaşlı Levon Andreasyanın guya Azərbaycan tərəfindən atılmış snayper gülləsi ilə vurularaq yaralanması ilə bağlı xəbərlərə də münasibət bildirib: "Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Silahlı Qüvvələrə tapşırıq verilib ki, düşmənin hərəkət edən bütün istənilən hərbi hədəfləri məhv edilsin. Lakin Silahlı Qüvvələrimiz mülki əhaliyə, qeyri-hərbi obyektlərə qarşı heç bir preventiv tədbirlər həyata keçirmirlər. Şübhəsiz ki, bu, öz içlərində ya məişət zəminində, ya da anlaşılmazlıq nəticəsində baş verən hadisədir. Hər halda Azərbaycan tərəfdən belə bir addım atılmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti