Azərbaycan, Bakı, 13 aprel /Trend/
Dağlıq Qarabağ münaqişəsi həqiqətən də Avropanı narahat edir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) rəhbəri Ann Brasör Yerevanda keçirilən mətbuat konfransında deyib.
A.Brasör qeyd edib ki, Qarabağ Avropa Şurasının 47 üzv ölkəsindən ibarət Avropa ailəsinin bir hissəsi olan vətəndaşlara aidiyyəti olduğuna görə həqiqətən də bizim hamımızı narahat etməlidir: "Dialoq yeganə çıxış yoludur, onun köməyi ilə həll yolu tapılmalıdır. Zorakılıq heç vaxt cavab olmamalıdır".
AŞ PA münaqişənin nizamlanmasına öz ciddi töhfəsini vermək üçün Dağlıq Qarabağ üzrə məruzə hazırlayacaq. Onun sözlərinə görə, bu sənəd ATƏT-in Minsk qrupu prosesinə müdaxilə olmayacaq və göstərişdən daha çox təklif xarakteri daşıyacaq: "Məruzənin balanslı olması üçün AŞ PA-dakı erməni nümayəndə heyətinə prosesdə iştirak təkidlə tövsiyə olunur".