...

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olsa da, həll edilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2015 13:27 (UTC +04:00)
Bu gün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) ilə görüşüb.
Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olsa da, həll edilmir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu gün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) ilə görüşüb.

Tren-in məlumatına görə, görüşdə Ə.Həsənov bildirib ki, ilbəil dünyada münaqişələrin və qaçqınların sayı artır: "30 il əvvəl dünyada qaçqınların sayı 20-25 milyon idi və 30 dövləti əhatə edirdisə, bu gün qaçqın və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur və 74 dövləti əhatə edir. Məndə belə bir fikir formalaşıb ki, böyük dövlətlər dünyanı rahat idarə etmək və öz maraqlarını təmin etmək üçün münaqişələrin yaranmasından istifadə edirlər".

Baş nazirin müavini xatırladıb ki, həmsədrlər 2001-ci ildə Ağcabədi rayonunda Ağdamdan olan məcburi köçkünlərlə görüşmüşdülər: "Həmin görüşdə İkinci Dünya müharibəsində bir ayağını itirmiş məcburi köçkün veteran dedi ki, həmsədrlər kənara çəkilsin, torpaqlarımızı özümüz qaytaracağıq. Rusiyalı həmsədr məcburi köçkünlərin niyə belə sərt olduğunu soruşdu. Dedim ki, növbəti 2 ildən sonra daha da sərt olacaqlar".

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olsa da, həll edilmir.

Ə.Həsənov əlavə edib ki, Azərbaycan beynəlxalq aləmdə üzərinə düşən öhdəliklərə əməl edir, böyük tədbirlər keçirir: "Bunların sonuncusu I Avropa Oyunlarıdır. O cümlədən Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfə verir. Biz dünya üçün açığıq, sərhədlərimizi dünya üçün açıq elan etmişik, Avropa dəyərlərini əsas götürmüşük. Bəs nə üçün Azərbaycana münasibət soyuqdur? Nə üçün 1 milyondan çox insanımız qaçqın və məcburi köçkün həyatı yaşamalıdır?"

Baş nazirin müavini qeyd edib: "Son illər Neft Fondunun hesabına 90 belə qəsəbə tikilib, 240 min qaçqın və məcburi köçkünü ora köçürmüşük, daha 380 min nəfər üçün belə qəsəbələrə ehtiyac var. Bu 380 min qaçqın və məcburi köçkün yataqxanalarda yaşayır. Son 6 ildə Azərbaycan hökuməti hər il qaçqın və məcburi köçkünlər üçün 780 milyon dollar vəsait sərf edir, son 20 ildə onların sosial problemlərinin həlli üçün 20 milyard dollar sərf edilib. Bu gün dünyada hər bir qaçqın və məcburi köçkünə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Ona görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı üzv seçib. Beynəlxalq tədbirlərdə də qeyd edilir ki, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlər üçün gördüyü işlər nümunədir"

Ə.Həsənov qeyd edib ki ki, Ermənistandakı Köçəryan-Sarkisyan rejimi münaqişənin sülh yolu ilə həllinə imkan vermir: "Çünki onlar bu problemin üzərində hakimiyyətə gəliblər. Azərbaycan xalqı da, Ermənistan xalqı da artıq bu münaqişədən yorulub. Buradan gedən ermənilər də bu münaqişənin nə zaman qurtaracağını gözləyirlər".

Rusiyalı həmsədr İqor Popov səfər zamanı məcburi köçkünlərlə görüş üçün yaxşı imkan yaradıldığını deyib: "Rusiya, ABŞ və Fransa prezidentləri məcburi köçkünlərin torpaqlarına qayıtmalı olduğunu vurğulayıblar. Biz bu gün məcburi köçkünlərlə danışmaq imkanı əldə etdik, təəssüratlarımız formalaşdı".

Amerikalı həmsədr Ceyms Uorlik məcburi köçkünlərə yaxşı şərait yaradıldığı üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib: "Masazırda məcburi köçkünlərlə görüşdə bunu gördük. Biz məcburi köçkünlərə söz verdik ki, vasitəçi kimi onların doğma torpaqlarına qayıtmalarına kömək edəcəyik. Biz inanırıq ki, məcburi köçkünlər hazırda işğal altında olan torpaqlarına tezliklə qayıdacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti