...

XİN: Rusiyanın "LifeNews" telekanalı Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyət göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2016 19:05 (UTC +04:00)
Rusiyanın “LifeNews” telekanalı tərəfindən təxribatçı məqsədlərlə Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür.
XİN: Rusiyanın "LifeNews" telekanalı Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyət göstərir

Bakı. Trend:

Rusiyanın "LifeNews" telekanalı tərəfindən təxribatçı məqsədlərlə Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür. 8 yanvar 2016-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında efirə getmiş veriliş kanalın bu qəbildən olan növbəti təxribatçılıq cəhdidir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş müvafiq xəbərdarlığa da məhəl qoymayaraq, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edən "LifeNews" telekanalının çəkiliş qrupu Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, köklü səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və bir milyondan artıq azərbaycanlının kütləvi şəkildə etnik təmizləməyə məruz qalmasını məqsədyönlü şəkildə təhrif edir.

O bildirib ki, Rusiya Federasiyasının hüquq və informasiya məkanında fəaliyyət göstərən "LifeNews" separatizm və ekstremizmi təşviq etməklə və Ermənistan-Azərbaycan münaqişəsinə dini çalarlar verməklə, ilk növbədə, Rusiyanın müvafiq qanunlarının müddəalarını ciddi şəkildə pozur: "Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu cür təxribatçı fəaliyyəti ilə "LifeNews" ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd siyasət yürüdür. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir və tanınır".

XİN rəsmisi əlavə edib ki, "LifeNews" rəhbərliyində təmsil olunan erməni lobbi dairələrinin təsiri altında bu kimi təxribatçı və jurnalist etikasından kənar fəaliyyəti ilə Rusiya ictimaiyyətini aldatmaq, dost və qonşu dövlət kimi Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirmək məqsədi güdür: "Bu kanalın Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyəti barəsində Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına müraciət ediləcək. Ümid edirik ki, Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən "LifeNews" bu cür təxribatçı və qanunazidd əməlləri barəsində lazımı tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti