Moskva. Orxan Yolçuyev - Trend:
Gələn həftə Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü planlaşdırılır. Bunu Trend-in xüsusi müxbirinin sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, görüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin iştirakı ilə planlaşdırılıb.
M.Zaxarova qeyd edib ki, görüşün məqsədi atəşkəs rejimini gücləndirməyə çalışmaq, hərbi riskləri azaltmaq, konkret etimad tədbirlərinin möhkəmləndirilməsi barədə razılıq əldə etməkdir.
O bildirib ki, görüş hələ planlaşdırılır və hazırlıq işləri olduqca fəal aparılır: "Hesab edirik ki, bu cür görüş münaqişə zonasında vəziyyətin sabitləşməsinə kömək edə bilər və etməlidir, eləcə də hərtərəfli nizamlanmaya nail olmağa yönəldilmiş danışıqlar prosesinin bərpası üçün şərait yaradacaq".