...

Xocalı dəhşətlərindən neytrallıq məskəni olan Cenevrədə bəhs edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2016 09:46 (UTC +04:00)

Bakı. Trend:

Cenevrənin Grand Kempinski mehmanxanasında 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diasporası üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsindən Trend-ə verilən məlumata görə, tədbir Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib.

Anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filmi nümayiş etdirilib və “Khojaly Witness of a War Crime – Armenia in the Dock“ (“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhim Kürsüsündə”) kitabının Cenevrə təqdimatı keçirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd etmişdir ki, “Sonsuz Dəhliz” filmi sıradan bir sənədli statistik film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir. Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.

“Bir gecədə bütün şəhər məhv edildi. Bu qırğın Srebrenitsa və Ruanda soyqırımları ilə üst-üstə düşdüyündən beynəlxalq ictimaiyyət tərəfindən gözədəyməz oldu. Mən “Röyters”, “AFP” informasiya agentliklərinin, “Human Rayts Votç” təşkilatının və “Nyu-York Tayms” qəzetinin ictimaiyyətin diqqətinin cəlb etmək üçün əməkdaşlarının səfərləri və Xocalı barədə araşdırmalarını xatırlatmaq istəyirəm. Danışıqlar 25 ildir ki davam edir. Mən bu danışıqlar başladıqdan bir qədər sonra diplomatik xidmətə başlamışam və bir müddət sonra təqaüdə çıxacağam, amma proses hələ də davam etməkdədir. TEAS Azərbaycanı dünyanın diqqət mərkəzində saxlanılması istiqamətində heyranedici işlər görür və Azərbaycan vətəndaşı olaraq öz minnətdarlığımı bildirirəm”, - deyə, səfir vurğulayıb.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nümayəndəliyinin direktoru Mari-Laetitia demişdir: “Həmin dövrün hərbi rəhbərlərindən biri olan Serj Sarqsyan, indiki Ermənistan prezidentidir. Bu kütləvi insan qırğını hələki Ermənistan tərəfindən tanınmamasına baxmayaraq, qətliamın baş verməsini təsdiq edən inkarolunmaz faktlar mövcuddur. Gəlin Xocalı qırğını, keçmişdəki və indiki bütün müharibələrin qurbanlarını anaq. Ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə beynəlxalq hüquqa söykənmiş ədalətli sülhlə həllini tapacaq, Ermənistan və Azərbaycanın qonşu olaraq sülh şəraitində yaşamasına imkan verəcəkdir.”

“Sonsuz Dəhliz” filminin qəhrəmanı litvalı müharibə reportyoru Rikardas Lapaitis ürək ağrısı ilə xatırlayır: “Mən hələ də məni izləyən və taleyimi dəyişən bu dəhşətli hadisələrin canlı şahidiyəm. Ağdam məscidinə hadisə qurbanlarının gətirilməsini müşahidə etmişəm. Öldürülənlərin bir çoxu ayaqqabısız idilər. Öldürülmüş bir qızın başında yanğı və güllə izləri görünürdü.

Altı yaşlı qızın başı yox idi və bədəninin belin aşağı nayihəsində yaralar var idi. Bir çox meyitlərdə işgəncənin izləri, qırılmış dişlər, kəsilmiş barmaqlar və qulaqları görmək olardı. Həkimlər deyirdi ki, 13-16 yaşlı zorlanmış qızları müayinə etmişlər. Bir çox Xocalı qurbanları amputasiyalara məruz qalmış və ya güllələnmişlər.

Ermənilər və onlarla birgə Xocalı soyqırımın törədilməsində iştirak etmiş şəxslər Cenevrə Konvensiyası, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Fövqəladə Vəziyyətlərdə və Silahlı Münaqişələrdə Qadın və Uşaqların Müdafiəsi üzrə Bəyannamə və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş bir sıra digər sənədlərə zidd davranış nümayiş etdirmişlər.

Xocalı qırğınının törədilməsində iştirak etmiş şəxslər Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan və müdafiə naziri Seyran Ohanyan bu cinayətkarlar sırasındadırlar.

Xocalı sakinləri hazırda Azərbaycanın 48 rayonunda məskunlaşıblar və erməni təcavüzünün sona çatmasını gözləyirlər. Mən müntəzəm olaraq Azərbaycan və Ermənistan qoşunlarının “təmas xətti”nə yaxın ərazilərə səfərlər edirəm. Ermənistan hərbi qüvvələri tərəfindən gecə hücumları, sabotaj, evlərin və təsərrüfat torpaqlarının yandırılması və hətta məktəblərin atəşə tutulması halları bu gün də davam etməkdədir”.

“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhimlər Kürsüsündə” kitabının redaktoru İan Pert: “Mənim üçün Yasəmən Həsənovanın şahid ifadəsi ən güclü təsir bağışlamışdır. Onun o dövrdə 12 yaşı var idi. Altı ay davam edən hücumlar 1992-ci ilin fevral ayında artıq başqa xarakter almışdır. Yasəmənin atası yerli özünümüdafiə qüvvələrində idi və bu hücumun baş verəcəyini gözləyirdi. Artıq aydın idi ki, sağ qalmaq üçün yalnız təhlükəsiz yerə sığınmaq lazım idi. Onun anası ərindən ayrı getməyə razı olmadığına görə Yasəmən əmisi ilə çıxdılar. Sel və meşəni keçəndən sonra onlar düzənliyə çıxdılar və burada gülləborana tutuldular. Yasəmən fiziki xəsarət almadan sağ qaldı.

Yasəmənin atasının meyidi illər sonra tapıldı. O, indi Bakının qoynunda yerləşən Şəhidlər Xiyabanında, milli qəhrəman olaraq uyuyur. Yasəmənin anasının taleyi hələ də qaranlıqdır və güman olunurdu ki, o, ermənilər tərəfindən girov götürülmüşdür. Lakin, sonradan Yasəmən televiziya proqramlarının birində anasının cəsədini quyunun yanında bağçada uzandığı yerdə görmüşdür. Yasəmən deyir: “Mən güman etmirəm ki, hər hansı bir qız öz anasının ölümünə sevinə bilərdi. Amma, ən azından mən əmin oldum ki, anam ermənilər tərəfindən girov olaraq işgəncələrə məruz qalmayıbdır”.

Yasəmən indi Xocalı sakinləri üçün məktəbdə müəllim kimi çalışır. Mən ondan soruşanda ki, o, öz şagirdlərinə Xocalı soyqırımı barədə nə danışır, o cavab verdi ki, mən onlara Xocalının necə gözəl olduğunu deyirəm. ”

İan Pert məlumat verib ki, nəşr mümkün qədər obyektivdir, xarici medianın hadisə barədə hesabatları, xarici akademik və insan hüquqları fəallarının təhlilləri kitabda öz əksini tapmışdır.

O, daha sonra BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinin mətnini oxudu – hansı ki, ermənilərin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamədən biridir.

İan Peart çıxışını bu sözlərlə bitirib: “Erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələbi 1993-cü ildə qəbul edilmişdir. Mən bu gecədə BMT-də işləyənlərdən soruşuram – Bəs BMT Təhlükəsizlik Şurasının bu tələblərinin dəyəri nədir ?”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti