Bakı. Trend:
"Geostrategic Pulse" jurnalında "İnsan əzablarının pula çevrilməsi (İşğal yolu ilə kapital və qazancın əldə edilməsi: işğal olunmuş ərazilərdə korporativ qaydada insan haqlarının pozulması)" adlı məqalə dərc olunub.
Trend Aleksandra Krstiçin məqaləsini təqdim edir:
"Yeni soyuq müharibə sürətini artıran zaman beynəlxalq ictimaiyyət tədricən digər aktual məsələləri unudur. Məsələn, insan haqları, əmək hüquqlarına riayət, insan ləyaqətinə hörmət. Əlbəttə ki, sosial və əmək hüquqlarına gəldikdə burada milli və beynəlxalq korporasiyaların böyük rolu var. Hətta dünya standartları ilə məşğul olan və Cenevrədə fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatında korporasiyalar güclü söz sahibliyinə malikdir.
Bu gün korporasiyaların səylərinin səfərbər edilməsi hansı dərəcədədir? Korporativ dünya iş standartlarına və biznes əməliyyatlarının şəffaflığının qanunlarına uyğundurmu? Ən əsası – özəl sektor, xüsusilə də silahlı münaqişələr, “unudulmuş” münaqişələr və aktiv döyüş əməliyyatlarının dayandırıldığı, lakin həqiqətdə sülhün heç bir zaman bərqərar olmadığı kimi bölgələrdə beynəlxalq humanitar hüquq normalarına riayət edilirmi? Korporativ dünya BMT-nin insan haqları və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxmillətli korporasiyalar üçün nəzərdə tutulmuş rəhbəredici prinsiplərinə uyğundurmu? Bunlar sadəcə bir neçəsidir. Deməli, biz bəzi hallarda özəl qurumların maliyyə yardımı göstərərək həlledici rol oynadığını, yardım edərək iqtisadiyyatın daima dəyişdirilməsi üçün imkan yaratdığını, işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərə səbəb olduğunu iddia edə bilərikmi? Belə olduğu halda, bunun göstərilmiş ərazidə işğalın davam etdirilməsinə və korporativ mənfəətə səbəb olduğuna xidmət etdiyini deyə bilərikmi?
Problemin ciddiliyini anlamaq üçün nümunə kimi, gəlin, Qafqazda səciyyəvi şəkildə “unudulmuş” münaqişə olaraq müharibənin bitdiyi və sülhün hələ də bərqərar olmadığı regionu götürək.
Ermənistan şirkətləri, eləcə də əsasən diaspor nəzarəti altında olan xarici şirkətlər: Livanın “Artsax Roots İnvestment”, ABŞ-ın “Tufenkian Foundation”, Ermənistanın “General Benevolent Union /AGBU/ Cherchian Family Foundation” və s. maliyyə yardımları etməklə iqtisadiyyatın daima dəyişdirilməsinə imkan yaradaraq (maliyyə və pul islahatı daxil olmaqla), həm şəxsi mənfəətləri, həm də bu ərazilərdə işğalın davam etdirilməsinə dəstək vermək məqsədilə işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərini həyata keçirirlər.
Ötən illər ərzində ermənilərin Qarabağ ətrafındakı ərazilərə, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına yerləşdirilməsi (“Hayastan All-Armenian Foundation” dəstəyi ilə) mükəmməl qaydada təşkil edilərək sürətli templə davam etdirilir.
Gizli Erməni İnqilab Federasiyası Suriya xalqının epik faciəsini və onun insanlarını istismar edərək, Suriya ermənilərini aldadaraq Hələb və Qamışlı şəhərlərindən işğal edilmiş ərazilərə (məsələn, Zəngilan, Qubadlı və Laçın bölgələrinə) köçürərək onlara firavan həyat vəd edib. Bu, əlbəttə ki, açıq şəkildə cinayət edərək iki suveren dövlətin daxili işinə birbaşa müdaxilə etməkdir.
Ermənistan birbaşa və ya öz korporativ səlahiyyətlilərinin vasitəsilə işğal edilmiş ərazilərdə enerji, kənd təsərrüfatı, sosial, yaşayış və nəqliyyat infrastrukturlarının daimi dəyişdirilməsinə davam edir. Bu nə zamansa demoqrafik xarakterin dəyişdirilməsi üçün üstünlük təşkil edərək güclənəcək. Əlbəttə ki, bura suvarma şəbəkələrinin, su kanalizasiyalarının, yolların, enerji şəbəkələrinin və digər vacib iqtisadi və sosial obyektlərin yaradılması daxildir. Bir neçə fərqli və müstəqil beynəlxalq forumların məruzələrinə əsasən, dəfələrlə təsdiq edilib ki, məcburi köçkünlərin əmlakları mənimsənilib. Məsələn, azərbaycanlı məcburi köçkünlərin boş evləri sökülərək tikinti materiallarından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunub.
Ermənistan, işğal olunmuş ərazilərdə idxal və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraqlıdır: yüzlərlə ABŞ istehsalı olan müxtəlif “Caterpillar” maşınları, ABŞ-ın “John Deere” və Almaniyanın “Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Cənubi Koreyanın “Hyundai” tipli yük maşınları, Belarusun “MT3-82,3” modelli kənd təsərrüfatı traktorları, həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur.
Bir çox hallarda Kipr, Lixtenşteyn və buna bənzər ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır. Onların maliyyələşməsi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqələndirilir və Rusiya, Aİ və ya digər məntəqələrdə yerləşən vasitəçi banklarla beynəlxalq köçürmələr həyata keçirilir. Daha sonra Ukrayna, ABŞ və Aİ (Fransa, Bolqarıstan, Macarıstan, Belçika, Almaniya, Çexiya və Niderland) ölkələrindən, eləcə də Avstraliya və BƏƏ-dən olan çoxsaylı beynəlxalq pərakəndə mal satıcıları Ermənistan şirkətləri ilə təchizat müqavilələrini yekunlaşdırıblar. Əlbəttə ki, bu onları ərazilərin işğalı, təbii resursların tükəndirilməsi, qanunsuz məskunlaşmanın genişləndirilməsi habelə məcburi köçkünlərin hüquqlarının pozulması kimi faktlarla Ermənistanla əlbir edir.
Təəccüblü deyil ki, Ermənistanın yüksək vəzifəli şəxsləri o cümlədən prezident Sarkisyan, keçmiş baş nazir Abramyan və digər nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək orada olan istehsal obyektlərinə baxış keçirirlər. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötrü Ermənistanın kənd təsərrüfatı və likör ixrac edən şirkətləri müntəzəm qaydada işğal olunmuş ərazilərdə istehsal edilən (“Stepanakert Brandy Factory” və ”Artsakh fruit CJSC”) məhsulları hiyləgərlik edərək Ermənistan istehsalı kimi qələmə verir və beləliklə də beynəlxalq ictimaiyyəti, alıcıları və istehsalçıları aldadırlar.
Araz çayı boyunca, həmçinin Zəngilan və Cəbrayıl daxil olmaqla, yerləşən kənd təsərrüfatı torpaqları Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi qanunsuz olaraq mənimsənilərək geniş istismar edilir. Suvarma və ya qanunsuz elektrik enerjisinin alınması (“ArmWater Project Company”) fəaliyyətləri suyun təbii axınına mane olur, onun çirklənməsinə (əkin sahələrinin və monokultur əkinçilikdən sui-istifadə edilməsi) imkan yaradır və bu da öz növbəsində, insan mövcudluğuna, flora və faunanı təhlükə altına qoyaraq mikro iqlimi dəyişir.
Keçmişdə dağıdılmış evlərin xarabalıqlarından metal, borular, kərpiclər və digər tikinti materiallarının toplanması hallarına nadir rast gəlmək olardı. Lakin hazırda müzakirə mövzusuna çevrilmiş bu fəaliyyətlər onu göstərir ki, sözügedən talançılıq xaricilərin iştirakı ilə açıq-aydın və mütəşəkkil qaydada həyata keçirilir.
İşğal edilmiş ərazilərdə qiymətli mineralların və metalların hasilatı əsas fəaliyyətlərdən biri hesab edilir. Məsələn, Qızılbulaqda mis-qızılın əldə edilməsi üçün nəzərdə tutulmuş yeraltı mədən (Lixtenşteyndə qeydiyyata alınmış Ermənistana məxsus “Vallex Group CJSC” şirkətinin törəməsi) tamamilə tükənmiş vəziyyətə çatıbr. Eynisi də Dəmirlidə yerləşən açıq mis-molibden şaxtasına aiddir. Deyilənə görə, 2014-cü ildə “Gold Star CJSC” Veynallı kəndinin (Zəngilan rayonu) yaxınlığında qızıl hasilatına başlayıb. Bildirilir ki, Rusiyada fəaliyyət göstərən və “GeoProMiningLtd” şirkətinin törəməsi hesab edilən “GPM Gold” 2007-ci ildən etibarən işğal edilmiş Kəlbəcər rayonunun Söyüdlü kəndinin qızıl mədənində filiz istehsalı ilə məşğuldur.
Həmçinin, Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin işğal altında olan bölgəsindən qanunsuz olaraq təbii resursların daşınması üçün Vardenis-Ağdərə magistral yolu inşa edilib. Ermənistan hökuməti öz energetika nazirliyi vasitəsilə birbaşa olaraq Qızılbulaqdan Ermənistana filiz konsentratını nəql edərək daha sonra qızıl tərkibli mis emal edir və Avropa başda olmaqla beynəlxalq bazarlara ixrac edir. Əlavə olaraq, Yerevanda yerləşən elektrik stansiyasının təmin edilməsi məqsədilə Tərtər rayonunun işğal altında olan Çardaqlı kəndinin yaxınlığındakı mədəndən kömür əldə olunur.
Siyasi status-kvo ilə biznes arasında açıq-aydın qarşılıqlı əlaqə mövcuddur. Beləliklə də, işğalın davam etdirilməsi ilə mineral, kənd təsərrüfatı, su resursları və digər sərvətlərin birbaşa olaraq Ermənistan və beynəlxalq “kölgə” biznesi üçün nəzərdə tutulduğunu iddia etmək olar. Burada demoqrafik dəyişikliklər əsas götürülərək məcburi köçkünlər də daxil olmaqla fundamental ziddiyyətin həyata keçirilməsi ilə insan haqları və humanitar normalar pozulur.
Bu epiloqda əhalinin gizli qaydada yerdəyişməsi və işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-leqal iqtisadi fəaliyyət hamıya məlum olan “qanlı brilyant” olaraq sosial-siyasi status-kvo, demoqrafik yerdəyişmə və silahlı münaqişələr yaradır.
Yerli əhali üçün bundan ağır problem ola bilərmi? Əlbəttə ki, bəli. Bizim bu barədə susmağımız!"