...

Qarabağdakı su anbarlarının demək olar hamısı qəzalı vəziyyətdədir - Qurban Yetirmişli

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2020 13:38 (UTC +04:00)
Qarabağdakı su anbarlarının demək olar hamısı qəzalı vəziyyətdədir - Qurban Yetirmişli

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən işğaldan azad olunan Qarabağ ərazisində su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və hazırda seysmik dayanıqlılığı barədə araşdırmalar aparmaq üçün layihələr hazırlanır.

Trend-in məlumatına görə, bunu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvi Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda Qarabağ ərazisində ümumilikdə 24 su anbarı var və bunların, demək olar hamısı qəzalı vəziyyətdədir. Bu su tutumlarından 22-si meliorasiya təyinatlı su anbarıdır, bir çoxunda balıqçılıq təsərrüfatı yaradılıb. Su anbarlarından ikisi isə Sərsəng və Suqovuşan enerji mənbəyi təyinatlıdır:

"Ermənilərin işğal təcavüzü hidroenerji təyinatlı su anbarlarının uzun illərdir seysmik dayanıqlılığını öyrənməyə imkan verməmişdir. Qarabağ ərazisində olan Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilmişdir. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətdədir".

Q.Yetirmişli əlavə edib ki, hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi vardır. Onun dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməlidir, qabaqlayıcı mühəndisi texniki tədbirlər görülməlidir:

"Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır. Ərazinin seysmikliyi burada sürüşmə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır".

Q.Yetirmişli bildirib ki, Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti