...

1650 müvəqqəti məskunlaşma obyektindən məcburi köçkünlərin köçürülməsi prosesi ardıcıllıqla davam edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2006 16:28 (UTC +04:00)

"Azərbaycanda məcburi köçkünlərin yaşadığı 1650 müvəqqəti məskunlaşma obyekti var. Bütün obyektlədən məcburi köçkünlərin köçürülməsi prosesi ardıcıllıqla davam edəcək". Trend in məlumatına görə, bu barədə jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov açıqlama verib.

O bildirib ki, məktəblər, bağçalar, pansionat və sanatoriyalar, yataqxanalar və digər yerlər olmaqla ümumilikdə 1650 obyektdə məcburi köçkünlər məskunlaşıblar. Çadır şəhərciklərinin ləğvi prosesi tam başa çatdıqdan sonra məcburi köçkünlərin fin qəsəbələrindən köçürülməsinə başlanılacaq.

Köçkünlərin yaşadığı yataqxanalara gəldikdə isə, təmir olunması üçün 266 yataqxana müəyyənləşdirilib. Əli Həsənov qeyd edib ki, onların təmiri 3 mərhələyə bölünüb: "Birinci mərhələdə 66 yataqxana artıq təmir olunub. Qalanları isə hələ qalıb. Nə vaxt vəsait ayrılacaqsa, qalan yataqxanaların təmir işlərini davam etdirəcəyik".

Qaçqınkomun sədri onu da deyib ki, ölkə prezidentinin sərəncamına əsasən, 1992-1998-ci illərdə məcburi köçkünlər harada məskunlaşıblarsa, öz torpaqlarına qayıdana qədər orada yaşamalıdır. Ə.Həsənovun sözlərinə görə, əgər bağçalar özəlləşdiriləcəksə, bunun Qaçqınkoma aidiyyatı yoxdur: "Özəlləşdirilmə məsələsi bizim işimiz deyil, çünki ölkədə özəlləşdirmə prosesi gedir və getməlidir də. Ancaq məcburi köçkünlər yaşayan obyektlərin özəlləşdirilməsi onların razılığı ilə aparılmalı və onların problemlərini həll etməlidir. Başqa yolu yoxdur"-deyə Ə.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti