Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdam rayon şöbəsinin nümayəndələri çərşənbə axşamı cəbhə xəttinin Çıraqlı kəndi ərazisində ekoloji monitorinq keçirən zaman erməni silahlı birləşmələri tərəfindən atəşə tutulublar. Bu barədə çərşənbə axşamı telefon vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdam rayon şöbəsinin müdiri İnqilab Kazımzadə məlumat verib.
O qeyd edib ki, monitorinqin keçirilməsində məqsəd ermənilər tərəfindən işğal olunan Ağdam rayonu ərazisində torpaqların yandırılması nəticəsində dəymiş ziyanı müəyyənləşdirməkdir: "Monitorinq zamanı ermənilərin hansı əraziləri yandırdığını və bu zaman atmosfer havasına, bitgi örtüyünə və torpağın münbit qatına nə qədər ziayan dəydiyini müəyyən edəcəyik".
Kazımzadə vurğulayıb ki, monitorinq zamanı texniki vasitələrdən istifadə edirlər. Lakin ermənilərin atəş açması səbəbindən qoşunların təmas xəttinə çox da yaxınlaşa bilmirlər.
"Monitorinq zamanı müşahidə edilən faktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndəriləcək. Əldə olunan faktlar təhlil olunduqdan sonra bu barədə beynəlxalq təşkilatlara da məlumat veriləcək" -deyə Kazımzadə əlavə edib.
Şöbə müdiri bildirib ki, hava aydın olmadığına görə, bu gün ərazələrin yandırıldığını müəyyənləşdirmək mümkün olmayıb. Monitorinq axşam saat 22.00-dək davam edəcək.
Onun sözlərinə görə, analoji monitorinq bu il iyulun 25-dən 31-dək keçirilib. Bu zaman ermənilərin işğal etdikləri əraziləri yandırmaları nəticəsində ətraf mühitə 40 min manat ziyan vurulduğu müəyyən edilib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.