...

Müxalifət lideri: "Müxalifət partiyalarının əməkdaşlığı seçkilərin nəticələrinə təsir etməyəcək"

Siyasət Materials 14 Sentyabr 2007 11:28 (UTC +04:00)
Müxalifət lideri: "Müxalifət partiyalarının əməkdaşlığı seçkilərin nəticələrinə təsir etməyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda seçkilərin demokratik keçirilməsi müxalifət daxilində gedən proseslərdən, onların birləşməsindən asılı deyil və müxalifət partiyalarının əməkdaşlığı seçkilərin nəticələrinə təsir etməyəcək. Bu bəyanatla cümə günü müxalifət partiyalarının birləşməsi perspektivinə münasibətini bildirərkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli çıxış edib.

AXCP-nin üzvü olduğu "Azadlıq" bloku seçki mühitinin dəyişmədiyi halda gələn il keçiriləcək prezident seçkilərini boykot edəcəyini bəyan edib. Müxalifət partiyalarının bir qismi, o cümlədən Müsavat Partiyası isə seçkilərdə iştirakın vacibliyini bəyan edib. Bəzi ekspertlər hesab edirlər ki, müxalifət birləşmədiyi halda seçkilərdə uduzacaq.

Kərimli bildirib ki, Müsavat Partiyası ilə AXCP prezident seçkilərinə birgə getsə belə, seçkilərin nəticələrinə təsir etməyəcək.

"2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində bütün əsas müxalifət, o cümlədən Müsavat Partiyası ilə AXCP bir yerdə idi. Ancaq müxalifətin faktiki qələbəsini rəsmiləşdirmək mümkün olmadı. Önəmli odur ki, seçki komissiyalarının tərkibi dəyişsin, vətəndaşların sərbəst toplaşmaq azadlığı təmin edilsin" - Kərimli deyib.

Onun sözlərinə görə, "Azadlıq" bloku seçkiləri boykot taktikasını seçib. "Bizim prinsipial tələbimiz odur ki, seçki mühiti dəyişdirilməsə, seçkiləri boykot edəcəyik" - AXCP sədri əlavə edib. Kərimli bildirib ki, prezident seçkilərinin demokratik keçirilməsi üçün "Azadlıq" bloku Venesiya Komissiyası, ATƏT və digər beynəlxalq təşkilatlarla yazışmalar aparır.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti