...

"Bizim Azərbaycan" blokunun sədri müxalifət partiyalarını təcili məsləhətləşmələrə başlamağa çağırıb

Siyasət Materials 26 Sentyabr 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" blokunun sədri, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan çərşənbə günü müxalifət partiyalarının rəhbərlərinə müraciət ünvanlayaraq onları seçki komissiyalarının formalaşdırılması qaydaları, prezident seçkisində müxalifətin vahid qüvvə kimi iştirakı məsələlərini birgə müzakirə etməyə çağırıb. Bu barədə çərşənbə günü Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Blok hesab edir ki, 2008-ci il prezident seçkiləri on beş illik yaşı olan indiki müxalifət üçün son şansdır. Ona görə də bütün müxalifət partiyalarının gələnilki seçkilərdə qüvvələrini birləşdirməsi lazımdır.

"Biz hesab edirik ki, bu dəfə də qüvvələri birləşdirmək, milli maraqlar naminə bir-birimizə güzəştə getməyimiz mümkün olmasa, Azərbaycanda demokratiyanın taleyi ciddi təhlükə ilə üz-üzə qalacaq" - deyə Bəyturan bildirib.

O hesab edir ki, seçki komissiyalarının tərkibinin formalaşdırılması məsələsində müxtəlif təkliflər verən müxalifət partiyalarının ortaq mövqeyə gəlməsi vacibdir.

Bəyturan müraciətinin sonunda müxalifət qüvvələrini təcili məsləhətləşmələrə

başlamağa çağırıb.

Müxalifətyönlü "Bizim Azərbaycan" blokunda səkkiz siyasi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti