...

Ali Məhkəmənin hakimi: "Xüsusi qurumun yaradılması Azərbaycana qarşı qərarların sayını azalda bilər"

Siyasət Materials 8 Oktyabr 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli qanunvericiliklə Avropa Konvensiyası arasında ziddiyyətlərin araşdırılması və müvafiq təkliflərin hazırlanması üçün xüsusi qurumun yaradılması ilə bağlı təklif ekspertlər tərəfindən müsbət qarşılanıb.

Bu təkliflə millət vəkili, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov çıxış edib. Millət vəkili hesab edir ki, yaradılmalı olan qurum Avropa Məhkəməsinin təcrübəsindəki yenilikləri öyrənməli və milli qanunvericiliyə zəruri dəyişikliklər barədə təkliflər hazırlamalıdır.

Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev bazar ertəsi Trend ə bildirib ki, Azərbaycanda bu sahədə araşdırma aparılması konkret şəxsə və ya quruma həvalə olunmayıb: "Avropa Konvensiyası dinamik mexanizmdir. Avropa Məhkəməsinin verdiyi təfsirlər cəmiyyətin inkişafı ilə bağlı daim dəyişir. Daxili qanunvericiliyin bu inkişafa uyğunluğu daim izlənilməlidir və ziddiyyətlər, boşluqlar aradan qaldırılmalıdır. Konstitusiya Məhkəməsinə bu ziddiyyətləri özünün istəyi ilə araşdırıb qərar qəbul etmək səlahiyyəti verilməyib. Ali Məhkəmə də hansısa konkret işlərə baxanda ziddiyyət və boşluqlar müəyyənləşdirərsə, müəyyən təkliflərlə çıxış edə bilər".

Milli qanunvericilikdə Avropa Konvensiyasının müddəaları ilə ziddiyyət və boşluqların daim olacağını vurğulayan Ali Məhkəmənin hakimi hesab edir ki, bu məsələnin həlli üçün hüquqi təsəvvürlər, baxışlar, ideyalar dəyişməli, beynəlxalq təcrübə öyrənilməli, problemlə məşğul olan kadrlar hazırlanmalıdır.

İbayevin fikrincə, bu problemlə məşğul olacaq qurumun fəaliyyət göstərməsi, boşluq və ziddiyyətlərin aradan qaldırılması Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin və dövlətə qarşı qərarların sayının azalmasına təsir göstərəcək.

İbayev qurumun Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin hakimlərindən və digər peşəkarlardan formalaşdırılmasını vacib sayır.

Müstəqil ekspert, vəkil Rəşid Hacılı Azərbaycanın Avropa hüquq sisteminə inteqrasiyası sahəsində siyasətinin müəyyənləşdirilməsində belə bir qurumun yaradılmasına tərəfdardır.

Onun sözlərinə görə, bu məsələ ilə məşğul olan Komissiya mövcud olsa da, işlək bir qurum deyil: "Bu komissiya məşvərət xarakteri daşıyır. Əksər ölkələrdə bu məsələ ilə bağlı xüsusi nazirliklər yaradılıb. Azərbaycanda belə bir qurum Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin tərkibində yaradıla bilər".

Ekspert bu sahədə dövlətin siyasətinin müəyyənləşdirilməsi üçün kifayət qədər kadr ehtiyatının olduğuna əmindir. Onun fikrincə, bu qurum Avropa Məhkəməsinin təcrübəsini bilən, beynəlxalq hüquq üzrə mütəxəssislərdən, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən formalaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti