...

GUAM-ın XİN başçıları Madriddə görüşəcəklər

Siyasət Materials 26 Noyabr 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"a üzv dövlətlərin xarici işlər nazirləri Madriddə görüşəcəklər. Görüş noyabrın 29-30-da İspaniya paytaxtında keçiriləcək ATƏT-in xarici işlər nazirləri şurasının 15-ci iclasında iştirak çərçivəsində baş tutacaq.

Bazar ertəsi GUAM-ın Kiyevdəki Katibliyindən verilən məlumata görə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın XİN başçıları təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf məsələlərini müzakirə edəcəklər. Nazirlər həmçinin üzv ölkələrin ərazisində "Dondurulmuş münaqişələr", dünyanın təhlükəsizliyi və inkişafı üçün onların nəticələri, silahlı toqquşmaların qarşısının alınması və Azərbaycanın işğal olunmuş ərazilərində durum məsələlərini müzakirə edəcəklər.

Uzadılmış münaqişələr - Pridnestrovya (Moldova), Dağlıq Qarabağ (Azərbaycan) və Gürcüstan-Abxaziya münaqişəsi artıq uzun müddətdir GUAM ərazisində mövcuddur. Təşkilatda "Dondurulmuş münaqişələr"ə dair xüsusi layhə işlənib hazırlanıb və 2006-cı ilin sonunda BMT Baş Assambleyasının gündəliyinə daxil edilib.

Nazrlərin iclas gündəliyi noyabrın ortalarında GUAM Milli Koordinatorlarının Kiyev görüşü zamanı müzakirə olunub.

GUAM-ın formatı 1997-ci ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq sammiti ərəfəsində keçmiş sovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti