...

Vaşinqtondakı konfransın iştirakçıları Azərbaycan, Türkiyə və ABŞ arasında əməkdaşlığın davam etdirilməsini vacib sayırlar - Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 11 Dekabr 2007 03:02 (UTC +04:00)
Vaşinqtondakı konfransın iştirakçıları Azərbaycan, Türkiyə və ABŞ arasında əməkdaşlığın davam etdirilməsini vacib sayırlar - Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Azərbaycan, Bakı / Trend / Vaşinqtonda öz işinə başlayan "Azərbaycan, Türkiyə və ABŞ-ın Avrasiyadakı siyasəti" adlı beynəlxalq konfrans çox maraqlı keçir. Bunu Vaşinqtondan telefonla "Trendə" Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov deyib.

Sözügedən konfransda Azərbaycanı təmsil edən Seyidov qeyd edib ki, tədbir iştirakçılarının çıxışları praktiki olaraq Azərbaycan, Türkiyə və ABŞ arasındakı əməkdaşlıqla bağlı bütün sahələri əhatə edib. Konkret olaraq buraya geosiyasət, iqtisadiyyat, ticarət əlaqələri və s. məsələlər daxildir. "Bu konfransa yüksək qiymət verilir, onun böyük əhəmiyyəti var"-deyə o vurğulayıb.

Seyidovun sözlərinə görə, konfransda çıxış edən Azərbaycan, Türkiyə və ABŞ nümayəndələri adıçəkilən ölkələrin Avrasiyadakı siyasətinin perspektivi ilə bağlı çox maraqlı fikirlər səsləndiriblər. Çıxış edənlərin arasında ABŞ Dövlət departamentinin Deniel Frid və Metyu Brayza kimi yüksəkçinli məmurları olub. Konfrans iştirakçılarının diqqətini həmçinin Türkiyənin sabiq XİN başçısı Hikmət Çətin, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayeva və digərlərinin çıxışları cəlb edib.

"Konfrans iştirakçıları Azərbaycan, Türkiyə və ABŞ arasında əməkdaşlığın davam etdirilməsini vacib sayırlar" - deyə Seyidov vurğulayıb.

Vaşinqtondakı konfrans çərçivəsində universitetlərdə, habelə müxtəlif siyasətçilər və iş adamları ilə görüşlər keçiriləcək. Konfransda tanınmış siyasətçilər, ictimai xadimlər, rəsmi şəxslər, ABŞ və Türkiyə parlament və hökumət nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti