...

Azərbaycanda qəzaya uğramış "Mİ-8"in "qara qutu"su oxunub

Siyasət Materials 26 Fevral 2008 17:01 (UTC +04:00)

Azərbaycan,Bakı,26 fevral / Trend , müxbir K. Zərbalıyeva/ Ötən il qəzaya uğramış "AZAL"a məxsus Mİ-8 markalı vertolyotun "qara qutu"su oxunub və nəticələr prokurorluğa təqdim olunub.

Bu barədə Trend ə telefonla Moskvada yerləşən Dövlətlərarası Aviasiya Komitəsindən məlumat verilib.

Ötən il oktyabrın 12-də Xəzər üzərində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfərlik ekipaj üzvü və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) 2 əməkdaşı həlak olub.

"Xəzər-4" özüqalxan üzən qazma qurğusunda çalışan "Bayıl limanı" Kəşfiyyat Dəniz Qazma İdarəsinin əməkdaşı Qəhrəman Əsədovun səhhətində yaranmış problemlə əlaqədar oraya çağırılan vertolyot xəstəni və onu müşayiət edən iş yoldaşı Zahid Şaşkayevi ğötürərək havaya qalxdıqdan az sonra, qurğudan 200 metr aralıda qəzaya uğrayıb və dənizə düşüb. Helikopter sanitar tapşırığını yerinə yetirərkən hava şəraiti yaxşı olmayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev Trend ə bildirib ki, Dövlətlərarası Aviasiya Komitəsinin araşdırmalarının nəticələri "Azal" Dövlət Konserninə təqdim olunub. Nəticələr əsasında "Azal" texniki rəy hazırlayacaq və bundan sonra bütün nəticələr prokurorluğa təqdim olunacaq.

Əliyev bildirib ki, hər iki qurumun qəza ilə bağlı araşdırmalarının nəticələri prokurorluğa veriləndən sonra lazimi ekspertizalar təyin olunacaq və qəzanın baş vermə səbəbləri araşdırılacaq.

Qəza ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin hava nəqliyyatının hərəkət təhlükəsizliyi qaydalarını pozma (262-ci ) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti