...

Əl-Qaidə terrorçularına qarşı İraq xalqı da mübərizə aparmalıdır- iraqlı ekspertlər

Siyasət Materials 20 Mart 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir R.Hafizoğlu/ İraqda fəaliyyət göstərən Əl-Qaidə terrorçularına qarşı, İraq və koalisiya qüvvələri ilə birlikdə, dinc əhali də mübarizə aparmalıdır. "Terrorçulara qarşı tək İraq və koalisiya qüvvələri deyil, xalq da mübarizə aparmalıdır"-deyə, İraqlı millət vəkili Fövzi Əkrəm Tərzioğlu Trend -a bildirib.

"Associated Press" Agentliyinin martın 19 da verdiyi məlumata görə, İraqda müharibənin başlanmasının 5 illiyilə bağlı, mətbuat qarşısında çıxış edən ABŞ prezidenti Corc Buş İraqdakı koalisiya qüvvələrinin Əl-Qaidə terrorçuları üzərində qələbə əldə etdiyini bildirib.Prezident Buşun sözlərinə görə , ərəblər də Əl-Qaidə terrorçularının ölkə ərazisindən çıxarmaq üçün koalisiya qüvvələri ilə birləşiblər.

"Terrorçulara qarşı qələbənin əldə olunması üçün İraq höküməti bütün imkanlarından istifadə etməlidir"-deyə, Tərzioğlu cümə axşamı Kərkükdən telefonla bildirib. Millət vəkili hesab edir ki, İraqda Əl-Qaidə terrorçularına qarşı qələbənin əldə olunduğunu söyləmək çox tezdir.

Kərkük Strateji Araşdırmalar Mərkəzinin direktoru Əhməd Təqiy də hesab edir ki, Əl- Qaidə terrorçuları üzərində qələbədən danışmaq olduqca tezdir. "İraq nəinki Əl-Qaidə terrorçularının, həm də digər terror şəbəkələri və silah maqnatlarının öz məqsədlərini həyata keçirmək üçün münbit şəraitə malikdir"-deyə, Təqiy cümə axşamı Kərkükdən elektron poçtla Trend bildirirb.

Onun fikrincə, İraqda mübərizə aparan qüvvələrin heç də hamısı terrorçu deyil."Koalasiya qüvvələri terrorçularla müqavimət dəstələrini eyniləşdirməklə, dünya ictimaiyyətini aldadırlar.İraqda sünnü ərəblərin koalisiya qüvvələri ilə birləşməsi haqda söylənilənlər doğru deyil"-deyə, o bildirib.

Ekspert hesab edir ki, əvvəllər Əl-Qaidə ilə birgə mübarizə aparan sünnü qruplaşmalar indi müstəqil fəaliyyət göstərirlər. "Müqavimət göstərən sünnü qrupların Əl-Qaidədən ayrılmasının səbəbi terror şəbəkəsinin onları dini prinsiplərdən uzaqlaşmaqda ittiham etməsi olub" - deyə, politoloq bildirib. Təqiy hesab edir ki, Əl-Qaidə terrorçularından fərqli olaraq, digər sünnü qruplar dinc əhaliyə qarşı hərbi əməliyyatlar həyata keçirmirlər.

KİV-in məlumatına görə, hal-hazırda İraqda158 min Amerika əsgəri var.Verilən məlumata görə, 2008 -ci ilin ortalarında Amerika əsgərlərinin sayı 140 minədək azaldıla bilər. Müxtəlif kütləvi informasiya vasitələrində İraqda müharibə başlayandan bu günə qədər ölən və itkin düşən insanların ümimi sayı 350 min - 4 milyon arasında göstərilir.

Xəbər lenti

Xəbər lenti