...

Soyqırımın tanınmasına nail olmaq arzusu Ermənistanı iflasa aparacaq – ekspertlər

Siyasət Materials 24 Aprel 2008 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir E.Tarıverdiyeva, R.Hafizoğlu, N.Kirtsxaliya/ Ermənistanın "erməni soyqırımı"nın tanınmasına nail olmaq arzusu onu iflasa gətirə bilər. Belə ki, Türkiyənin bu faktı tanıması uğrunda mübarizədə Ermənsitan iqtisadi maraqları və ölkənin rifahını unudur. "Ermənsitan soyqırım məsələsi ilə məşğul olmağı dayandırdıqdan sonra, iqtisadi inkişafda böyük uğurlara nail olacaq", - türkiyəli politoloq Akif Əmrə hesab edir.

Hər il aprelin 24-də 1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımının anım gününü" qeyd edirlər. Rəsmi İrəvan və çoxsaylı erməni diasporu dünya ölkələri və parlamentləri tərəfindən "erməni soyqırımı"nı təsdiqləyən və hazırkı Türkiyəni 1,5 mln. etnik erməninin qırılmasını tanımağa çağıran qətnamələrin qəbul edilməsinə nail olmağa çalışır. Türkiyə bu ittihamları rədd edir və 1993-cü ildən Ermənistanla diplomatik münasibətləri kəsib, İrəvan üçün vacib nəqliyyat arteriyası olan sərhədlərini bağlayıb.

"Bu utopik fikir Ermənsitanın özünə iqtisadi planda inkişaf etməyə mane olur", - "Dünyabulteni" informasiya agentliyinin direktoru Akif Əmrə cümə axşamı elektron poçt ilə Trend -a bildirib. Ekspert hesab edir ki, ermənilərin öz xalqının soyqırımın tanınmasını tələb etməsi üçün heç bir əsasları yoxdur. Onun rəyinə görə, "erməni soyqırımı" Qərbin şantaj, siyasi aspektdə Türkiyəyə təzyiq vasitəsi qismində istifadə etdiyi anlayışdır. Politoloq hesab edir ki, ermənilərin soyqırım faktının hamı tərəfindən tanınmasına nail olmaq səyləri Ermənistanın özünü iqtisadi və siyasi dalana aparır.

Rusiyalı ekspert Vladimir Pribılovski hesab edir ki, soyqırım fikri artıq çoxdandır ki, yəhudi xalqı üçün Holokost olduğu kimi, erməni xalqının "milli" fikridir. "Mənim şəxsi rəyim belədir ki, soyqırım olub. Lakin bu 100 il əvvəl baş verib və indi bunu unutmaq lazımdır. Bu, ermənilərin özlərinə də, respublikadakı sosial-iqtisadi vəziyyətə də pis təsir göstərir", - "Panorama" Analitik Mərkəzinin prezidenti Pribılovski cümə axşamı Moskvadan telefonla Trend -a bildirib.

Onun rəyinə görə, ermənilərin Türkiyədən istədikləri soyqırım faktının tanınması məsələsi çətin ki, mümkündür. "Lakin əgər yəhudi Holokostu ilə analogiya aparsaq, dünya təcrübəsində "nəsillərin tarixi məsuliyyəti" anlayışı var və belə görünür ki, ermənilər buna güvənirlər", - politoloq hesab edir.

"Ermənistanın regionda çox sayda bədxahı var və Ermənistan həm Türkiyə, həm də islam dünyası ilə kompromisə getməyə çalışmalıdır", - gürcüstanlı politoloq Ramaz Sakvarelidze hesab edir. "Ermənistan öz-özünə əzab verməyin xas olduğu və digərlərində təcavüz oyadan ölkədir. Dağlıq Qarabağ məsələsində isə o, Rusiyanın yemini udub və bu, onunla islam dünyası arasında qarşıdurma prosesində sonuncu damla oldu", - cümə axşamı Sakvarelidze telefonla Trend -a bildirib.

Onun sözlərinə görə, Ermənistanın soyqırımın tanınması barədə tələbi vəziyyəti daha da çətinləşdirir. Belə ki, bu halda hazırda məsələnin daha az kəskin olmasına baxmayaraq, müxtəlif maraqlar toqquşur. "Əgər əvvəllər ABŞ-dakı erməni lobbisi fəal surətdə erməni soyqırımının tanınmasını tələb edirdisə, hazırkı mərhələdə bu proses az, ya çox aktuallığını itirib", - o bildirib. Ekspert qeyd edib ki, erməni lobbisinin təsirinə görə, ABŞ, Türkiyə və Azərbaycanın maraqları "bir-birinə uyğun gəlmirdi".

"Erməni soyqırımının tanınıb-tanınmaması siyasi faktdan başqa bir şey deyil. Belə ki, erməni soyqırımının tanınması ilə dünya nizamında real olaraq heç bir şey dəyişməyəcək", - Sakvarelidze güman edir.

"Erməni soyqırımı" anlayışı ermənilərdən çox Avropaya lazımdır. Türkiyəli politoloq Məhəmməd Fatih belə hesab edir. "Osmanlı İmperiyasında ermənilər üzərində zorakılığı təsdiqləyən heç bir fakt yoxdur. Türkiyənin Baş naziri Ərdoğan bu məsələni hər iki ölkənin tarixi arxivlərinin köməyi ilə araşdırmağı təklif edib və bu təklif Ermənistan tərəfindən dəstəklənməyib", - Fatih cümə axşamı elektron poçt ilə Trend -a bildirib.Onun rəyinə görə, Ermənistan soyqırımın tanınması istiqamətində əbəs səylərdənsə, öz iqtisadi vəziyyətinin yaxşılaşması üzərində düşünməlidir.

Soyqırımın beynəlxalq tanınmasına dair səylər Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edilib. İndiyədək müvafiq qətnamələr dünyanın 20-dən çox ölkəsində qəbul edilib.

Türkiyə Ermənistanın ittihamlarını inkar edir və bəyan edir ki, ötən yüzilliyin əvvəlində Osmanlı İmperiyasının dağılmasından sonra etniklərarası münaqişələrdə erməni-xristianlarla yanaşı, çox sayda müsəlman-türk həlak olub. Ankaranın bu məsələ üzrə prinsipial mövqeyi belədir ki, 1915-ci ildə ermənilərin Osmanlı İmperiyasının maraqları ilə şərtlənmiş məcburi köçürülməsi baş verib və bu, millətin soyqırıma məruz qalması kimi nəzərdən keçirilə bilməz.

Ankara ikitərəfli münasibətlərin qurulması üçün Ermənistanı beynəlxalq "erməni soyqırımın tanınması" siyasətindən, ölkə Konstitusiyasında yer almış ərazi iddialarından imtina etməyə, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti