Azərbaycan, Bakı, 12 may / Trend , müxbir K.Zərbalıyeva, İ.Əlizadə/ Yeni biometrik pasportlarda vətəndaşların üz təsvirləri, göz, əl-barmaq, ovuc izləri barədə məlumatlar əks olunacaq.
"Biometrik İnformasiya haqqınada" qanun layihəsi ətrafında Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarının bazar ertəsi keçirilən birgə iclasında müzakirələr aparılıb.
Yeni pasportlarda şəxsin DNT analizi və analizin nəticələri, səs forması, yazı xətti, imzası və digər məlumatlar da əksini tapacaq.
Layihədə qeyd olunub ki, biometrik indentifikasiya sistemi milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, axtarışda olan şəxslərin kütləvi toplantı və gediş və gəliş yerlərində tanınması, miqrasiya üzrə beynəlxalq biometrik informasiya ehtiyatları ilə məlumat mübadiləsinin təşkili, biometrik məlumatlar əsasında tibbi ekspertizanın və digər vəzifələrin həyata keçirilməsini təmin edir.
Layihədə biometrik məlumatların şəxsiyyəti təsdiq edən sənədlərin rəsmiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti, fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri, cinayət təqibi sahələri üzrə toplanması nəzərdə tutulub.
Qanun layihəsinin Parlamentin müzakirəsinə çıxarılması barədə qərar qəbul edilib.
Bir müddət öncə Trend -a eksklüziv müsahibəsində Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bildirmişdi ki, 2011-ci ilədək ölkə vətəndaşları özündə biometrik məlumatları əks etdirən yeni nəsil pasportlarla təmin olunacaqlar.
Nəcəfov bildirib ki, əksər dünya ölkələri transmilli cinayətkarlıqla mübarizənin səmərəli olması üçün bu sistemə keçib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]