Fransa, Paris, 21 may / Trend , müxbir Y.Əliyev/ "Azərbaycan bu gün də özünün qədim mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayır və təbliğ edir" - deyə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə, YUNESKO-nun mənzil-qərargahında "Azərbaycanın xoşməramlı mələkləri" adıl konsert proqramında çıxışı zamanı bildirib.
YUNESCO-nun xoşməramlı səfiri xanım Əliyeva bildirib ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, yoxsulluğun həddi 19 faizə enib. Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət sahələrinə diqqət yetirilir, çoxsaylı iqtisadi layihələr həyata keçirilir, məktəb tikintisi geniş vüsət alıb.
"Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycan mədəniyyətinə böyük ziyan dəyib. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməklə, bir çox qədim mədəni, tarixi abidələri dağıdıb" - deyə xanım Əliyeva bildirib.
YUNESKO-nun Baş direktoru Koişiro Matusuura bildirib ki, xoşməramlı səfirlər YUNESKO ailəsinin ən fəal üzvləridir. Əlavə edib ki, bu sırada Mehriban Əliyevanı xüsusi ilə qeyd etmək lazımdır. Baş katib Azərbaycanda Qobustan mədəniyyətinin, muğam sənətinin onda böyük təəssüratlar yaratdığını vurğulayıb.
Çıxışlardan sonra konsert verilib, Azərbaycanın uşaq simfonik orkestrinin, uşaq xorunun ifasında musiqi nömrələri təqdim olunub.
YUNESCO-nun mənzil- qərargahında azərbaycanlı uşaqların (5-15 yaş) rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub.
Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva mədəniyyət sahələri üzrə irimiqyaslı layihələr və müxtəlif tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentidir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]