...

Azərbaycanın müxalifət partiyası əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda iştirak etmədiyini bildirib

Siyasət Materials 1 Sentyabr 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkilərini boykot etmiş müxalifət partiyalarının əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda iştirak etdiyi bildirilən Açıq Cəmiyyət Partiyası (ACP) mərkəzlə bağlı müzakirələrin yalnız qəzet səhifələrində mövcud olduğunu bildirib. "Əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda iştirak etməyimiz üçün rəsmi müraciət olunmayıb. Müəyyən qeyri-rəsmi müzakirələr olub. Hələlik bununla bağlı konkret mövqe mövcud deyil", deyə bazar ertəsi Trend -a ACP sədri Akif Şahbazov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Müxalifəti təmsil edən partiyaların əksəriyyəti seçkini boykot edir. "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlara başlayıb. Danışıqlarda "Azadlıq" blokuna daxil olan partiyalarla (AXCP, Azərbaycan Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası) yanaşı Müsavat, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi partiyaları və "Azərbaycan Naminə" İctimai Forumun iştirak etdiyi bildirilir.

Şahbazovun sözlərinə görə, ACP yeni yaradılacaq təşkilatın ünvanına mənfi fikir söyləməkdən uzaqdır. "Partiya müxalifətin birgə fəaliyyətini dəstəkləyir və müxalifət partiyalarının yol verdiyi nöqsanları aradan qaldırmaq və qarşıda duran vəzifələrin icrası istiqamətində müəyyən müzakirələr aparmaqda maraqlıdır", - deyə o bildirib.

ACP lideri Rəsul Quliyevin yeni əməkdaşlıq mərkəzi ilə bağlı mövqeyinə gəlincə, Şahbazov Quliyevin bu məsələ ilə bağlı konkret mövqeyinin ona məlum olmadığını bildirib. "Birlik hələ formalaşdırılmayıb. Formalaşdırılmış qurumun sonradan hər hansı bir müraciəti olarsa, ona partiya müstəvisində baxa bilərik", - deyə ACP sədri bildirib.

Şahbazov deyib ki, pezident seçkisindən sonra müxalifətin hər hansı bir birliyi yaranarsa, siyasi situasiyaya uyğun mövqelərini bildirəcəklər.

Trend -un arayışı: Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007-ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007-cı ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar. ACP prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti