...

Azərbaycanın seçki komissiyaları paritet əsasda formalaşmasa, Müsavat Partiyası orada təmsil olunmayacaq - başqan

Siyasət Materials 2 Sentyabr 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın seçki komissiyalarının formalaşdırılmasında iştirak etmək hüquqi olan müxalifətçi Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməməklə bağlı mövqeyini dəyişməyəcək.

"Biz komissiyaların hakimiyyətlə müxalifət arasında paritet əsasda formalaşdırılmasını tələb edirik, beynəlxalq təşkilatlar da bu fikirdədir. Nə qədər ki, hakimiyyət bu dəyişikliyə razılıq vermir, Müsavat Partiyası komissiyalarda təmsil olunmayacaq", çərşənbə axşamı Trend -a müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Trend -un arayışı: Seçki Məcəlləsinə görə, seçki komissiyalarının tərkibi deputatları parlamentdə çoxluq təşkil edən partiyanın (YAP), parlamentdə azlıq təşkil edən partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşır. Parlamentdə azlığı təşkil edən müxalif Müsavat Partiyası MSK-ya nümayəndə göndərmədiyindən, indiyə qədər DSK-ların formalaşması prosesi baş tutmayıb. Bu səbəbdən indiyə qədər MSK-ya nümayəndə göndərən azlıqda olan digər partiyaların DSK-ların formalaşmasında iştirakı da reallaşmamışdı.

İki illik fasilədən sonra Milli Məclisdə azlığı təşkil edən partiyalara DSK-lara nümayəndə göndərmək imkanı yaradılıb. Bundan sonra parlamentdə azlıqda olan müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyası DSK-lara 42 nümayəndə göndərib.

Qəmbər qeyd edib ki, dünyanın heç bir ölkəsində seçki komissiyaları bir siyasi təşkilatın - hakim partiyanın nəzarəti altında fəaliyyt göstərmir.

Partiya başqanı digər müxalifət partiyalarının seçki komissiyalarına nümayəndə göndərməsini şərh etməyib. "Digərləri orada nə edirlərsə özləri bilərlər", - Qəmbər əlavə edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər səs çoxluğu ilə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya parlamentdə dörd nəfər deputatla təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti