...

Azərbaycan parlamentinin deputatları Abdulla Gülün Ermənistana səfərinə etiraz edirlər

Siyasət Materials 4 Sentyabr 2008 14:47 (UTC +04:00)
Azərbaycan parlamentinin deputatları Abdulla Gülün Ermənistana səfərinə etiraz edirlər

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə etiraz edirlər.

"Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması rəsmi Ankaranın iradəsi deyil, Türkiyə bunu Avropa Birliyinin, ABŞ və digər xarici dövlətlərin diqtəsi ilə atır", cümə axşamı Trend -a müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

Trend -un arayışı: Türkiyə prezidenti Abdulla Gül sentyabrın 6-da Yerevanda keçiriləcək Ermənistan və Türkiyə futbol yığma komandalarının oynuna baxmaq üçün Ermənistana gedəcək.

Ermənistan ilə Türkiyə arasında diplomatik münasibətlər yoxdur, Ermənistan-Türkiyə sərhədi isə 1993-cü ildən bağlıdır. Ankara ikitərəfli əlaqələrin bərpa edilməsi üçün Ermənistanı Osmanlı İmperiyasında törədilməsi bildirən "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması siyasətindən əl çəkməyə, Türkiyənin sərhədlərini tanımağa və Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə çağırır.

Rüstəmxanlı qeyd edib ki, Türkiyənin həyata keçirdiyi siyasət nəticəsində ermənilər heç bir addım atmırlar. Deputat bildirib ki, belə bir vəziyyət Azərbaycan üçün ciddi problemlər yaradacaq.

"Türkiyə böyük bir dövlətdir və gərək sözünün arxasında dayansın. Qafqazda gedən proseslər Türkiyənin xarici siyasətinin olduqca zəif adamların əlində olduğunu aşkara çıxartdı. Belə olan halda Azərbaycanla Türkiyənin arasında münasibətlər soyuyur, Azərbaycanın Türkiyəyə etibarı itir. Eyni zamanda, Türkiyənin Azərbaycana verdiyi sözə inam azalır. Heç kim zəmanət verə bilməz ki, hansısa böyük güclər başqa nəyisə diqtə etsələr, Türkiyə həmin addımı atmayacaq", - Rüstəxanlı əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Gülər Əhmədova Trend -a bildirib ki, rəsmi Ankara ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi hadisələri unutmamalıdır.

"Tarixin verdiyi dərsləri unutmaq olmaz", - Əhmədova deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan bu gün də dünyada Azərbaycan və Türkiyə əleyhinə geniş əks-təbliğat aparır.

"Bütün bunlara baxmayaraq, Gülün Ermənistana səfəri Azərbaycanla Türkiyə arasında olan əlaqələri poza bilməz. Bir çox azərbaycanlılar kimi mən də Gülün Ermənistana səfəri ilə bağlı xəbəri təəssüflə qarşıladım", - deyə Əhmədova əlavə edib.

Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə hesab edir ki, Türkiyə prezidentinin Ermənistana səfərini birmənalı qiymətləndirmək mümkün deyil: "Bu, çox riskli səfərdir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti