...

Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 11-12-də Azərbaycana səfər edəcək

Siyasət Materials 10 Sentyabr 2008 20:36 (UTC +04:00)
Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 11-12-də Azərbaycana səfər edəcək

Özbəkistan, Daşkənd, 10 sentyabr / Trend , müxbir T.Jukov/ Özbəkistan Respublikasının prezidenti İslam Kərimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvəti ilə sentyabrın 11-12-də bu ölkəyə rəsmi səfər edəcək. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinin çərşənbə günü yaydığı rəsmi məlumatında bildirilir. Səfər zamanı Özbəkistan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, regional və beynəlxalq xarakterli qarşılıqlı maraq kəsb edən aktual məsələlər müzakirə ediləcək.

Danışıqların yekunları üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinin dərinləşdirilməsinə yönələn bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır, Özbəkistan XİN-in nəzdində "Jaxon" ("Planet") agentliyinin rəsmi məlumatında deyilir. "Prezident İslam Kərimovun Azərbaycana qarşıdakı rəsmi səfəri siyasi, ticari-iqtisadi və mədəni sahələrdə Özbəkistan-Azərbaycan əməkdaşlığının yeni keyfiyyət səviyyəsinə çıxmasına səbəb olacaq", - agentliyin məlumatında bildirilir.

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev 1997-ci ilin iyununda rəsmi səfərlə Özbəkistanda olub. Özbəkistan prezidenti İslam Kərimov TRACECA konfransı çərçivəsində 1998-ci ilin sentyabrında Azərbaycana səfər edib. 2004-cü il martın 23-24-də Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edib. İki ölkənin parlamentləri arasında əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycanın Milli Məclisində Azərbaycan-Özbəkistan hökumətlərarası işçi qrup yaradılıb.

Agentliyin məlumatına əsasən, hazırda Özbəkistan və Azərbaycan arasında müqavilə-hüquq bazası ikitərəfli xarakterli 97 sənəddən ibarətdir. İki dövlət arasında münasibətləri tənzimləyən başlıca sənədlər 1996-cı il mayın 27-də Bakıda imzalanan Özbəkistan və Azərbaycan arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilə, 2001-ci il aprelin 18-də Daşkənddə imzalanan 2001-2010-cu illərdə iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş, həmçinin 2004-cü il martın 23-də Daşkənddə imzalanan Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın gələcək möhkəmləndirilməsi haqqında Bəyannamədir.

2007-ci ilin yekunlarına əsasən, Özbəkistan və Azərbaycan arasında mal dövriyyəsi 6,1 faiz artıb və $60,4 mln. təşkil edib. Bunun $53,4 mln.-u ixrac, $7,0 mln.-u idxalın payına düşüb. Özbəkistanın xeyrinə müsbət saldo $46,4 mln. təşkil edib. Azərbaycana ixracın əsasını maşın və avadanlıq, ərzaq malları, xidmətlər, kimya məhsulları və ondan hazırlanan məmulatlar, qara və əlvan metallar, enerji daşıyıcıları və neft məhsulları təşkil edir. Azərbaycandan idxalın əsas məhsullarını maşın və avadanlıq, kimya məhsulları və plastik kütlə, xidmətlər (əlavə və yardımçı nəqliyyat xidmətləri) və sairə təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti