Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın xarici ölkə səfirliklərində ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki məntəqələri yaradılıb.
"Azərbaycanın xarici ölkə səfirliklərinin 33- də seçki məntəqələri yaradılıb və həmin məntəqələrin lazımi avadanlıqlarla təmin olunması başa çatdırılıb", - deyə cümə günü Trend - a Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri,indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Qasımovun sözlərinə görə, ABŞ, Rusiya, İran, Türkiyə, Avropanın bəzi ölkələrindəki səfirliklərdə yaradılmış seçki məntəqələrində 10 mindən çox azərbaycanlı seçicisinin səs verməsi gözlənilir. "Xaricdə yaşayan azərbaycanlılar üçün ayrılmış seçki bülletenləri və protokollar MSK tərəfindən Xarici İşlər Nazirliyinə təqdim olunub və yaxın günlərdə Nazirlik tərəfindən sənədlər səfirliklərə çatdıralacaq",- deyə o bildirib.
Trend - un arayışı: Azərbaycanın Seçki Məcəlləsinə əsasən, hər hansı bir xarici ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı 50 - dən azdırsa, həmin ölkədə seçki məntəqəsi təşkil olunmur.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]