Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir A.Hüseynbala/ Türkiyədə PKK terror təşkilatına qarşı aparılan mübarizədə dünya dövlətlərinin birlikdə olması lazımdır.
"Terror bütün dünya insanlarının düşmənidir, terrorun milliyyəti yoxdur. Terror təşkilatlarının hədəfi həm günahsız körpələr, həm də qocalardır. Ona görə terrorçular hamımızın düşmənidir", - çərşənbə günü jurnalistlərəTürkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
Trend -un arayışı: Kürdlər arasındakı separatçı meyllərin Türkiyə ərazisində ortaya çıxması isə Kürd Fəhlə Partiyası adı altında Sovet İttifaqının köməyilə yaradılan PKK terror təşkilatının simasında özünü biruzə verməyə başladı.
Şimali İraqın Türkiyə ilə sərhədindəki dağlarda məskunlaşan PKK 1980-ci illərdən başlayaraq Türkiyə ərazisində dinc sakinlərə və hərbi qüvvələrə qarşı tez-tez terror aksiyaları həyata keçirməyə başladı. Türkiyə silahlı qüvvələri ilk dəfə 1986 ildə Şimali İraqda PKK əleyhinə hərbi əməliyyatlar keçirdi. O gündən etibarən vaxtaşırı olaraq bu əməliyyatlar davam etdirilir. Türk silahlı qüvvələrinin PKK əleyhinə Şimali İraq ərazisinə birbaşa hərbi müdaxiləsi sonuncu dəfə 2008-ci lin fevral ayında həyata keçirildi. Əməliyyatlar nəticəsində yüzlərlə PKK terrorçusu məhv edildi.
2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra Şimali İraqda yaradılan regional Kürd adminstratsiyasının rəhbərliyinə gələn Məsud Bərzani və İraq hakimiyyətinin prezidenti vəzifəsinə keçən kürd əsilli Cəlal Tələbani Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi hərbi əməliyyatların əleyhinə çıxmağa başladılar. Lakin son zamanlar kürd liderlər PKK terrorunu pisləyən bəyanatlarla daha çox çıxış edirlər.
Türkiyə dövləti PKK terror təşkilatına qarşı mübarizə aparmaq üçün hərbi əməliyyatlarla yanaşı başqa tədbirlər də həyata keçirir. PKK-nın ilk lideri olan Abdulla Öcalanı uzun müddət təqib edən Türkiyə təhlükəsizlik xidmətləri 1999-cu ilin fevral ayında onu həbs etməyə müvəffəq oldular. Öcalanın həbs olunması PKK-nın fəaliyyətinə ciddi zərbələr vursa da, bu təşkilatın Türkiyə ərazisində həyata keşirdiyi terror aksiyaları bu günə qədər davam etməkdədir.
Səfirin sözlərinə görə, kütləvi informasiya vasitələrinin də terrorçulara qarşı mübarizədə xüsusi rolu olmalıdır. "Terror təşkilatları mətbuatda reklam olunmamalıdır. Bu halda terrora qarşı mübarizə daha səmərəli olar", - Kılıç deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]