...

Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatlar vahid fraksiyanın yaradılmasında maraqlı deyillər

Siyasət Materials 30 Oktyabr 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatlar vahid fraksiyanın yaradılmasında maraqlı deyillər.

"Parlamentdə müxalifət deputatlarının vahid fraksiyasının yaradılması üçün konkret addım atmaq lazım gələndə nə Müsavat Partiyasını təmsil edən, nə də özünü müxalifət hesab edən və hakimiyyətə loyallığı ilə seçilən deputatlar buna maraq göstərmirlər", - cümə axşamı Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycan parlamentində müxalifəti təmsil edən 12 deputat var. Parlament seçkilərindən sonra yeddi nəfərdən ibarət müxalifət deputat qrupu yaradılsa da, onun fəaliyyəti uğurlu olmayıb və qrup dağılıb. Hazırda parlamentdə beş nəfərdən ibarət Müsavat deputat qrupu mövcuddur.

Hüseyn deyib ki, bir necə dəfə müxalifəti təmsil edən deputatların fraksiyasının yaradılmasına təşəbbüs göstərib. Onun fikrincə, nə əsas müxalifət partiyası olan Müsavat, nə də hakimiyyət parlamentdə müxalifət deputat fraksiyasının yaradılmasında maraqlı deyil.

"Ona görə də fraksiyanın yaradılması mümkün olmur. Bir neçə dəfə özünü müxalifət hesab edən deputatların birləşdiyi fraksiyanın yaralımasına cəhdlər göstərilib. Hətta, müxalifət deputat qrupu adlı fraksiyanın yaradılmasına cəhdlər olub. Lakin proseslər onu göstərir ki, parlamentdə müxalifət deputat qrupunun yaradılması hakimiyyətə sərf etmir", - deyə Hüseyn bildirib.

Onun fikrincə, indiki mərhələdə fraksiyanın yaradılması çətindir. Çünki prezident seçkisində iştirakla bağlı müxalifət düşərgəsində ciddi fikir ayrılığı yaranıb.

Hüseyn vurğulayıb ki, bundan başqa, parlamentin daxili Nizamnaməsinə əsasən 25 deputatın iştirakı ilə yaradılan deputat fraksiyası rəsmən qeydə alınır. Lakin Nizamnamədə rəsmi qeydə alınan fraksiyanın vəzifələri və iş mexanizmi haqqında heç bir maddə yoxdur.

"Fraksiyanın yaradılması üçün 25 deputatın orada təmsil olunması tələbi reallığa uyğun deyil. Bu, parlamentdə fraksiyaların yaradılmamasına səbəb olur", - deputat bildirib. O, 25 nəfərlik həddin 9-12 nəfərə salınmasını təklif edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti